İQTİSADİYYAT
“Bakcell gəncləri “Smart Start” təcrübə proqramına qoşulmağa dəvət edir
Bakı, 9 may, AZƏRTAC
Azərbaycanın İlk mobil operatorlarından biri və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti 18-25 yaşında gənclərə, tələbə və məzunlara “Smart Start” təcrübə proqramına qoşulmağı təklif edir.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, tələbə və məzunlar üçün nəzərdə tutulmuş iki aylıq proqramın məqsədi karyerasında ilk addımlarını atmağa başlayan gəncləri Azərbaycanın ən böyük şirkətlərindən birində iş mühiti ilə tanış etmək, praktiki biliklər aşılamaq və işə hazırlıq bacarıqlarını artırmaqdır.
Seçimdə uğur qazanan namizədlərə satış və marketinq sahəsində 2 ay müddətində təcrübə keçmək imkanı yaradılacaq. Təcrübə müddətində gənclər şirkətin mütəxəssisləri arasından seçilən təcrübə rəhbərləri vasitəsilə müvafiq bilik və bacarıqlara yiyələnərək şirkətin ümumi strukturunu və iş prinsiplərini, öyrənir, eyni zamanda, karyera planlaşdırılması, biznes etikasi, vaxtın səmərəli bölgüsü, effektiv kommunikasiya, özünü kəşfetmə, əməyin təhlükəsizliyi və ətraf mühit, sağlamlıq və digər mövzularda təşkil olunan təlimlərdə iştirak edirlər.
Təcrübə müddətində iştirakçılara “Bakcell” tərəfindən müvafiq təqaüd veriləcək. Təcrübə proqramı başa çatdıqda bütün iştirakçılar qiymətləndiriləcək və onlara layihədə iştirak etdiklərini təsdiqləyən sertifikat veriləcək.
“Smart Start” haqqında http://developtalent.bakcell.com/az səhifəsində ətraflı məlumatı almaq və proqramda iştirak üçün mayın 15-dək müraciət göndərmək olar.
Qeyd edək ki, 2014-cü ildən etibarən “Smart Start” təcrübə proqramında iştirak etmək üçün 5500-dən çox müraciət daxil olub. Onlardan 85 nəfər seçimdən uğurla keçərək proqramda iştirak edib. Proqramda iştirak zamanı yüksək nəticələr nümayiş etdirən məzunlardan 16 nəfər “Bakcell” şirkəti tərəfindən, 19 nəfər isə başqa şirkətlər tərəfindən işlə təmin olunub. Digər 50 nəfər isə yerli və xarici universitetlərdə təhsillərini davam etdirirlər.