İQTİSADİYYAT
“Bakcell” şirkəti “AppLab” proqramı üçün layihələrin seçiminə başlayıb
Bakı, 22 yanvar, AZƏRTAC
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti “AppLab” proqramında iştirak etmək üçün müraciətlərin qeydiyyatını başa çatdırıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, 2017-ci il dekabrın 15-dən 2018-ci il yanvarın 15-dək davam edən növbəti qeydiyyat mərhələsində proqramda iştirak etmək üçün “müxtəlif IT” və “mobil əlavələr” kateqoriyalarına aid 32 layihə təqdim olunub. İlkin seçim mərhələsindən keçən konsepsiyaların müəllifləri “Bakcell” şirkətinin rəhbərliyi, potensial investorlar, “AppLab” proqramının məzunları və IT sahəsi üzrə ekspertlərdən ibarət “AppLab” komissiyasının qarşısında öz ideyalarını təqdim etmək üçün dəvət olunacaq. Komitənin qərarına əsasən, ən uğurlu layihələrin müəllifləri “AppLab” İnkubasiya Mərkəzinin geniş imkanlarından istifadə etmək imkanı qazanacaqlar.
Qeyd edək ki, 2018-ci ilin fevral ayından başlayaraq, seçilmiş komandalar “AppLab” İnkubasiya Mərkəzində təqdim olunan pulsuz internet, masa və təlim otaqları ilə yanaşı, üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlana biləcəklər. “Bakcell” və “AppLab” proqramının digər tərəfdaş nümayəndələrindən ibarət xüsusi ekspertlər qrupu gənc developerləri öz ideyalarını yerli və beynəlxalq bazarlarda rəqabət apara biləcək yeni məhsul və ya xidmətlərə çevirmək üçün tələb olunan araşdırma və məsləhətlərlə təmin edəcək.
“AppLab” proqramının fəaliyyətə başladığı 2014-cü ildən bəri müxtəlif avadanlıq və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli developerlər öz ideyalarını həyata keçirmək üçün “Bakcell”dən dəstək alırlar. Şirkət isə öz növbəsində daha çox maraqlı startapların, proqram tərtibatçılarının və qrupların üzə çıxarılmasına, onların istedadlarını nümayiş etdirməsinə, ideyalarını reallaşdırmasına və bunun üçün maliyyə və investisiya mənbələri tapmalarına kömək etməyə çalışır. “AppLab” mərkəzinin dəstəyi ilə Azərbaycanın gənc mütəxəssisləri tərəfindən yaradılmış layihələrin bəziləri artıq “Android” və “iOS” əməliyyat sistemi ilə işləyən cihazlara yüklənə bilər.
“Bakcell” şirkətinin fəaliyyətinin əsas məqsədlərindən biri də yerli gənc istedadların öz startap layihələrini həyata keçirə bilməsinə kömək etmək və beləliklə də Azərbaycan gənclərinin parlaq gələcəyinə öz töhfəsini verməkdir.