İQTİSADİYYAT
“Bakcell” şirkəti daha bir universitetdə əmək yarmarkasına qatılıb
Bakı, 12 mart, AZƏRTAC
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” Qərbi Kaspi Universitetinin təşkil etdiyi əmək yarmarkasında iştirak edib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, özünün genişmiqyaslı korporativ sosial fəaliyyətinə görə seçilən “Bakcell” şirkəti Azərbaycan gənclərinin təhsili və peşəkar inkişafını diqqət mərkəzində saxlayır. Bu fəaliyyətin davamı olaraq “Bakcell” martın 10-da Qərbi Kaspi Universitetinin təşkil etdiyi əmək yarmarkasında iştirak edib. Müxtəlif sahələri təmsil edən 50-dən artıq nüfuzlu şirkətin qatıldığı əmək yarmarkasında universitetin tələbə və məzunlarına “Bakcell” şirkətinin satış və marketinq departamentlərində mövcud vakansiya və təcrübə imkanları barədə məlumat verilib. Həmçinin gənclər “Bakcell” şirkətinin öz müştərilərinə və xidmətlərinə innovativ yanaşma üsulları barədə geniş məlumatla tanış olublar. Karyera sərgisindəki “Bakcell” stendi iştirakçıların böyük marağına səbəb olub.
Qeyd edək ki, “Bakcell” və Qərbi Kaspi Universiteti arasında 2017-ci il dekabrın 14-də Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, tərəflər arasında elm, təhsil, kadr məsələləri və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlığın qurulması nəzərdə tutulur. Bu əməkdaşlıq çərçivəsində görüləcək işlər ölkəmizdə təhsil və iqtisadiyyatın inkişafı üçün faydalı olmaqla yanaşı, Azərbaycan gənclərinin əmək bazarına uyğun mütəxəssis olaraq yetişdirilməsinə töhfə verəcək.
“Bakcell” şirkəti gənclərin təhsil almasına və karyera qurmasına dəstək göstərir və beləliklə Azərbaycan gənclərinin parlaq gələcəyinə öz töhfəsini verir.