İQTİSADİYYAT
“Bakcell” şirkətinin stendi “Bakutel-2017” sərgisinin ən orijinal stendi seçilib
Bakı, 13 dekabr, AZƏRTAC
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (“Bakutel-2017”) Sərgi və Konfransında fəal iştirakına görə mükafatlandırılıb. Şirkətin stendi “Bakutel-2017” sərgisinin ən orijinal stendi adına layiq görülüb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “Bakutel-2017” sərgisi çərçivəsində təşkil edilmiş “Bakcell” stendi sərgi qonaqlarının böyük marağına səbəb olaraq, bu nüfuzlu tədbirin ən populyar və ziyarət olunan stendinə çevrilib. Stendin ziyarətçiləri “Robot Automation Latency” (Proseslərin robotlaşdırılması, Məlumatların ötürülməsində gecikmə müddəti) nümayişi ilə yanaşı, Azərbaycanda indiyədək görünməmiş “5G”yə hazırlığı və “4.5G Pro” texnologiyasının 1 Gb/saniyəyədək olan inanılmaz sürətini görmək imkanını qazanıblar. Bundan əlavə, “Bakcell” stendinin qonaqları şirkətin təqdim etdiyi “Bakcell TaxFree app”, “Klass Postpaid”, “MyHour” və hətta “Pulsuz İnstagram” kimi bəzi yeni məhsullar, təkliflər və xidmətlərlə tanış olublar.
Maraqlı müsabiqələr və bol əyləncə ilə yanaşı, stenddə “Bakcell” şirkətinin “AppLab” proqramı vasitəsilə Azərbaycanın gənc proqram tərtibatçıları tərəfindən yaradılmış 3 layihə də nümayiş etdirilib.
Nəticədə innovativ və maraqlı məzmun sayəsində “Bakcell” şirkətinin stendi sərginin ən orijinal stendi seçilib və “Bakutel-2017” sərgisinin təşkilatçısı “Caspian Event Organizers” (CEO) şirkəti tərəfindən sertifikata layiq görülüb. “Bakcell” şirkətinin “Bakutel-2017” sərgisi çərçivəsində təşkil edilmiş stendinin bütün ziyarətçiləri mehriban və əyləncə dolu bir mühitdə ən müasir texnologiyalardan istifadə etməklə unudulmaz təəssüratlar əldə ediblər.