DÜNYA
“Baker Hughes”: ABŞ-dakı aktiv qazma qurğularının sayı azalıb
Bakı, 15 dekabr, AZƏRTAC
ABŞ-dakı aktiv qazma qurğularının sayı geriləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 4 ədəd azalaraq 1071 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 141 ədəd çoxdur.
Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 4 ədəd azalaraq 873 olub. Bu göstərici ölkədəki aktiv neft qazma qurğularının sayının 2015-ci ilin aprelindən indiyədək maksimum səviyyəyə çatması deməkdir. Ötən ilin eyni dövrü ilə müqayisədə neft qazma qurğularının sayı 126 ədəd artıb.
Ölkədəki aktiv qaz qazma qurğularının sayı isə dəyişməyərək 198 olub. 2017-ci ilin müvafiq dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 15 ədəd çoxalıb.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləyib.