ELM VƏ TƏHSİL
“Baker Hughes” şirkəti Bakı Ali Neft Məktəbi ilə sıx əməkdaşlıq edir
Bakı, 11 sentyabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) dünyanın böyük neft və qaz servis şirkəti olan “Baker Hughes”un Azərbaycandakı nümayəndəliyinin əməkdaşları ilə görüş keçirilib. Görüşdə BANM-in rektoru Elmar Qasımov, Baker Hughes şirkətinin Azərbaycan və Gürcüstan üzrə direktoru Qreyq Rassel Lindsey, şirkətin miqrasiya üzrə meneceri Tural Ahmad və BANM-in əməkdaşları iştirak ediblər.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, E.Qasımov rəhbərlik etdiyi ali məktəbin “Baker Hughes” şirkəti ilə sıx əməkdaşlığından məmnunluğunu bildirib.
Qreyq Rassel Lindsey BANM-in şirkətdə üç ay yay təcrübəsi keçmiş tələbələrindən çox razı qaldığını, onların bilik və dünyagörüşünün “Baker Hughes”un standartlarına tam cavab verdiyini qeyd edib. O, həmçinin bildirib ki, şirkət BANM-dən növbəti təcrübəçiləri seçmək və onları üç ay müddətində “Baker Hughes”un işlərinə cəlb etmək və təlimlər keçmək niyyətindədir.
E.Qasımov Qreyq Rassel Lindseyi növbəti ayda BANM-in tələbələrini motivasiya etmək üçün ali məktəbdə böyük seminar keçməyi təklif edib. Şirkətin təmsilçisi böyük məmnuniyyətlə təklifi qəbul edib.
Görüşdə, həmçinin ikitərəfli əlaqələrin genişləndirilməsi üçün əməkdaşlığın bir sıra yeni istiqamətləri müzakirə edilib.
Qeyd edək ki, “Baker Hughes” şirkəti artıq bir neçə ildir ki, BANM ilə müqavilə əsasında əməkdaşlıq edir.