İQTİSADİYYAT


“BakıKart”ın balansını artırmaq üçün onlayn portal istifadəyə verilib

Bakı, 24 sentyabr, AZƏRTAC

Bakı Nəqliyyat Agentliyi internet portalı üzərindən ödəmə sistemini sərnişinlərin istifadəsinə təqdim edir.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, bunun üçün “online.bakikart.az” portalına daxil olub “e-mail” və ya telefon nömrəsi ilə qeydiyyatdan keçib şəxsi kabinet yaratmaq lazımdır. Kartın balansını iki üsulla artırmaq mümkündür: birbaşa və ya kartın şəxsi kabinetə əlavə edilməsi ilə. Daha operativ ödəniş üçün kartı kabinetə əlavə etmək tövsiyə olunur. Ödənilən məbləğ kartın balansına ən geci bir saat ərzində əlavə ediləcək.

Dövlətimizin başçısının tapşırığına əsasən, sərnişindaşımalarda nağdsız ödəniş sisteminin əhatə dairəsinin genişləndirilməsi prosesi davam etdirilir. Bakı Nəqliyyat Agentliyinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər nəticəsində mövcud avtobus parkının 70 faizdən çoxu “BakıKart” sisteminə inteqrasiya olunub. Nağdsız ödəniş sisteminə keçidin, sərnişindaşımada göstərilən xidmətin keyfiyyətinin artırılması baxımından əhəmiyyətini qeyd edərək bildirilib ki, “BakıKart”a inteqrasiya qeyri-leqal əmək münasibətlərinin rəsmiləşdirilməsi və şəffaflığın artırılması baxımından da vacibdir. Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi, həmçinin nəqliyyat axının intellektual idarə olunması və sərnişin axının öyrənilməsi üçün də önəmlidir.

İş prosesinə uyğun olaraq digər marşrut xətlərinin də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiyası nəzərdə tutulub.

Bununla yanaşı, vətəndaşların daha rahat və müasir İKT imkanlarından istifadə etməklə ödəmə üsullarından istifadəsi üçün də işlər davam etdirilir. Fəaliyyət planına əsasən mərhələli qaydada internet portalı üzərindən ödəmənin tətbiqi, QR kod, NFC və EMV (bank kartı il birbaşa ödəniş) texnologiyalarından istifadə nəzərdə tutulub.

Həmçinin “BakıKart” sisteminə inteqrasiya olunan “MilliÖn” ödəmə terminallarının sayı da artırılaraq 1000-ə çatdırılıb. Vətəndaşlar artıq yalnız avtobus dayanacaq məntəqələrində deyil, Bakı şəhərinin müxtəlif ərazilərində fəaliyyət göstərən iaşə obyektlərində, iri ticarət mərkəzlərində və marketlərdə yerləşdirilən “MilliÖn” terminalları vasitəsilə də “BakıKart”ın balansını artıra biləcəklər. Yaxın bir həftə ərzində isə Bakı şəhərinin bütün ərazisindəki “MilliÖn” terminallarında “BakıKart” ödənişi qəbul olunacaq.

Məlumat üçün bildirilib ki, sərnişin ödəmə terminalının əsas ekranında nəqliyyat xidmətləri bölümünə daxil olaraq “BakıKart” işarəsini seçib kartı kart oxuyucuya yerləşdirərək ödəniş edə bilər.

Növbəti mərhələdə digər ödəmə və balans artırma üsullarının da tətbiqi istiqamətin işlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.