İQTİSADİYYAT
“Bakı-2015” birinci Avropa Oyunlarının keçiriləcəyi obyektlərin elektrik enerjisi ilə təchizatı yüksək səviyyədə təmin olunub
Bakı, 2 iyun, AZƏRTAC
“Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı “Azərışıq” ASC tərəfindən irimiqyaslı layihələr həyata keçirilib.
Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirilib ki, qısa müddət ərzində 6 ədəd 110 kilovoltluq (kv), 14 ədəd isə 35 kv-luq yeni, qapalı tipli, müasir avadanlıqla təchiz edilmiş yarımstansiyalar istismara verilib. Avropa Oyunlarının keçiriləcəyi obyektlərin dayanıqlı və etibarlı elektrik enerjisi ilə təchizatı təmin olunub. Hər bir yarımstansiyada və transformator məntəqələrində istismar olunan avadanlıq müasir texnologiyalar ilə təchiz edilib. Bundan əlavə idman obyektlərini təmin edən bütün yarımstansiyalar Avtomatlaşdırılmış Dispetçer Uzaqdan İdarəetmə sisteminə (SCADA) qoşulub. Texniki tədbirlərlə yanaşı, xüsusi qərargah yaradılıb. Bütün transformator məntəqələrinə operativ növbətçi heyyəti ilə bərabər “Məsul növbətçi”lər də təhkim edilib. Səyyar əməliyyat və təmir briqadalarına yeni maşınlar verilib. Səhmdar Cəmiyyətin maşın və mexanizmləri hazırlıq vəziyyətinə gətirilib. Avropa Oyunlarının obyektlərini təmin edən yarımstansiyalarda və paylayıcı qurğularda mütəmadi olaraq, sınaq-profilaktika işləri aparılır. Operativ əməliyyat personalı və mühəndis heyətləri ilə əks-qəza məşqləri və treninqlər keçirilir. Enerji təchizatı üzrə 24 saat növbətçilik sistemi təsdiq olunub, obyektlər maşın-mexanizmlər, əlavə avadanlıq və materiallarla təmin olunub. Bundan əlavə, idmançıların və mediya nümayəndələrinin yaşayış yerlərinin - Atletlər kəndinin, Media Mərkəzinin o, cümlədən oyunlarla əlaqədar digər obyektlərin enerji təchizatı tam nəzarətə götürülüb.