İDMAN
“Bakı-2015”-də Azərbaycan milli komandasının bayraqdarı cüdo üzrə Avropa çempionu Elmar Qasımov olacaq VİDEO
Bakı, 11 iyun, Elçin Hüseynov, AZƏRTAC
Cüdo üzrə Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı Elmar Qasımov Azərbaycan Milli Olimpiya Komitəsi rəhbərliyinin yekun qərarı ilə “Bakı-2015”-də milli komandamızın bayraqdarı seçilib. O, iyunun 12-də Bakı Olimpiya Stadionunda keçiriləcək açılış mərasimində Azərbaycan bayrağını daşıyacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib. O deyib: “Sabah açılış mərasimində ən möhtəşəm komanda bizim olacaq. Bu yarışda ən böyük komandalardan biri Azərbaycan millisidir. Komandamız üzvlərinin sayına görə ikincidir. Bugünkü mərasimdə Azərbaycanın bayrağını milli komandamızın bayraqdarına təqdim edirik”.
Tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, MOK-un vitse-prezidenti Xəzər İsayev çıxış edərək hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuş idmançılarımıza uğurlar arzulayıb, onların göstərilən etimadı doğruldacaqlarına inam ifadə ediblər.
Sidney Yay Olimpiya Oyunlarının bayraqdarı olmuş Namiq Abdullayev isə bildirib ki, “Bakı-2015” birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi xalqımız üçün əsl bayramdır. O deyib: “Sidneydə Azərbaycan komandasının bayraqdarı olmaq şərəfi mənə nəsib olub. O yarışlarda, həm də Olimpiya çempionu olaraq ölkəmizin bayrağını dalğalandırmışam. Arzu edirəm ki, indiki bayraqdarımız da bu nəticəni təkrarlasın”.
Sonra Azərbaycan milli komandasının bayraqdarı Elmar Qasımov könüllülərin və idmançıların müşayiəti ilə Atletlər Kəndinə yola salınıb.
Elmar Qasımov 2009-cu ildə Ermənistanda keçirilən gənclər arasında Avropa çempionatından Vətənimizə qızıl medalla qayıdıb. Cüdoçu ötən il Tümendə təşkil olunan “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb. O, cari ildə Mərakeşdə usta idmançılar arasında keçirilən, eləcə də Samsunda və Tbilisidə təşkil edilən Qran-pri yarışlarının qalibi olub. İyirmi dörd yaşlı idmançı bu ilin mayında Bakıda keçirilən “Böyük dəbilqə” turnirində ikinci yeri tutub.