İDMAN
“Bakı-2015”ə könüllülərin cəlb olunması istiqamətində sorğu keçiriləcəkdir VİDEO
Bakı, 6 may (AZƏRTAC, Səxavət Quliyev). Mayın 7-də 150 min tələbinin iştirakı ilə “Bakı-2015 ilk Avropa Oyunları” başlıqlı rəy sorğusuna başlanılacaqdır.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçiriləcək sorğu iyunun 15-dək davam edəcəkdir.
Mayın 6-da “Hilton Baku” mehmanxanasında keçirilmiş mətbuat konfransında ATGTİ-nin sədri Şahin İsmayılov və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov gerçəkləşəcək layihə ilə bağlı məlumat vermişlər.
Bildirilmişdir ki, bu, ölkəmizdə tələbələr arasında gerçəkləşəcək ən böyük layihələrdən biri olacaqdır. Yüz əlli mindən artıq tələbə arasında aparılan sorğu nəticəsində 12-15 min könüllü tələbə seçiləcəkdir. Könüllülərin seçimi prosesinə 300-dən artıq tələbə cəlb olunmuşdur. Nəticə etibarilə müsabiqədən keçmiş könüllülər üçün Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin xətti ilə ölkəmizə gələcək xüsusi şəxslər tərəfindən treninqlər təşkil olunacaqdır.
Qeyd olunmuşdur ki, sorğunun əsas məqsədi tələbə gənclərin “Bakı-2015”ə münasibətini öyrənmək, onlara bu yarış haqqında dolğun məlumat vermək və möhtəşəm idman yarışında könüllü olmaq istəklərini müəyyənləşdirməkdir. Bundan əlavə, Avropa Oyunlarında könüllü olmaq istəyən tələbə gənclərə şərait yaradaraq, onların yarışlara cəlb olunması və gələcəkdə istifadə oluna biləcək ümumi könüllü məlumat bazasının formalaşdırılması da sorğunun əsas məqsədlərindəndir.
Qeyd edək ki, sorğu 109 ali təhsil müəssisəsində və texnikumda təhsil alan gənclər arasında keçiriləcəkdir. Yüz əlli min gənc arasından seçilmiş 12-15 min nəfər birinci Avropa Oyunlarında könüllü kimi fəaliyyət göstərmək hüququ qazanacaqdır.