“Bakı-2015”in beynəlxalq idman elçisi ilk Avropa Oyunlarına hədəflərindən danışıb
AzerTAg.az

Bakı, 28 aprel, AZƏRTAC
“Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıqların son mərhələsinə başlayan Olimpiya Oyunlarının gümüş mükafatçısı və dünya çempionu, danimarkalı avarçəkən Rene Holten Poulsen onu yarışlara ruhlandıran amillərdən danışıb.
“Bakı-2015”dən AZƏRTAC-a bildiriblər ki, ilk Avropa Oyunlarının beynəlxalq idman elçisi Rene Holten Pulsen qələbə qazanmaq üçün maksimum səviyyədə hazırlaşmaq lazım gəldiyini qeyd edib. İyunun 14-də “Bakı-2015”in avarçəkmə yarışları başlayanda yeganə məqsədim qələbə qazanmaq olacaq. Avropa tarixinin ilk Oyunlarının çempionu olmaq üçün bütün səylərimi səfərbər edəcəyəm. Ümumiyyətlə, təbiətim belədir ki, daim mükəmməlliyə can atmağa çalışıram.
Rene Holten Poulsen “Pekin-2008” Yay Olimpiya Oyunlarının gümüş və elə həmin il Avropa çempionatının qızıl medallarına sahib çıxarkən 19 yaşında olub. O, 2014-cü ildə biri qızıl olmaqla, dünya çempionatının 3 medalını qazanıb, Avropa çempionatında isə ötən illər ərzində ümumilikdə 12 dəfə fəxri kürsüyə yüksəlib.
İlk Avropa Oyunlarının avarçəkmə yarışlarında 350 idmançı mübarizə aparacaq. Yarışa biletləri, “Park Bulvar”, “28 Mall” və “Metro Park” alış-veriş mərkəzləri də daxil olmaqla, Bakının 11 əlverişli nöqtəsində yerləşdirilmiş bilet satışı məntəqələrindən və ya www.baku2015.com/tickets saytından onlayn qaydada almaq mümkündür.
Xəbərin mətnində orfoqrafik səhv var