İDMAN


“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışına start verilib

Azərbaycanın futbol millisi Kamerun yığması ilə görüşdə heç-heçə edib

Bakı, 8 may, AZƏRTAC

Mayın 8-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışına start verilib.

Səkkiz komandanın qatıldığı yarışda ev sahibi Azərbaycan ilə yanaşı, Türkiyə, Səudiyyə Ərəbistanı, Kamerun, Mərakeş, Oman, Fələstin və Əlcəzair milliləri də qələbə uğrunda mübarizə aparırlar. Azərbaycan millisi ev sahibi olduğu üçün “A” qrupunda yer alıb. Bu qrupda milli komandamızın rəqibləri Kamerun, Səudiyyə Ərəbistanı və Mərakeş milliləridir. “B” qrupunda isə Türkiyə, Əlcəzair, Oman və Fələstin yığma komandaları yarışırlar.

AZƏRTAC xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisi “Bayıl” stadionunda Kamerun yığması ilə qarşılaşıb. Gürcüstanlı baş hakim Giorgi Kuraşvilinin idarə etdiyi oyunda hesab açılmayıb.

“A” qrupunun digər oyunu Səudiyyə Ərəbistanı və Mərakeş yığmaları arasında keçirilib. “AZAL Arena”da təşkil olunan matçın ilk hissəsində hesab açılmayıb. İkinci hissəyə daha fəal başlayan Mərakeş millisi matçın 76-cı dəqiqəsində istəyinə nail olub. Çouaib Əl Maftul adını tabloya yazdırıb – 1:0. Bu, oyunda yeganə qol olub və Mərakeş millisi “Bakı-2017”yə qələbə ilə başlayıb.

“B” qrupunun ilk oyununda isə “Bayıl” stadionunda Türkiyə millisi Əlcəzair yığması ilə qarşılaşıb. Azərbaycanlı hakimlər briqadasının idarə etdiyi oyunun ilk hissəsində Türkiyə millisi hesabı açıb. Matçın 38-ci dəqiqəsində Onur Eris fərqlənib – 1:0. Oyunun 78-ci dəqiqəsində əlcəzairli Fərid Əl Məlali hesabı bərabərləşdirib – 1:1. Görüşün sonuncu dəqiqəsində Türkiyə millisinin qapısına təyin olunmuş 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Ahmed Qaqqa Əlcəzair millisinin qələbəsini rəsmiləşdirib – 2:1.

Bu qrupun digər görüşü “AZAL Arena”da Fələstin və Oman yığmaları arasında oynanılıb. Qarşılaşmanın 5-ci dəqiqəsində fələstinli Oday Dabbaq hesabı açıb. Oyunun ilk hissəsi Fələstin millisinin minimal hesablı üstünlüyü ilə başa çatıb – 1:0. İkinci hissəyə daha fəal başlayan Oman yığması 48-ci dəqiqədə Marvan Vadi Avladın qolu ilə hesabı bərabərləşdirib – 1:1. Görüşün 54-cü dəqiqəsində Oday Dabbaqın dublu ilə Fələstin yenidən hesabda önə çıxıb. Matçın 86-cı dəqiqəsində Marvan Vadi Avlad dubl edərək hesaba tarazlıq gətirib – 2:2. Qalan vaxtda hesab dəyişməyib və matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

“Bakı-2017”nin futbol yarışının qrup mərhələsinin ikinci turunun görüşləri mayın 11-də təşkil olunacaq. “A” qrupunda Azərbaycan-Səudiyyə Ərəbistanı, Kamerun-Mərakeş, “B” qrupunda isə Oman-Türkiyə və Fələstin-Əlcəzair görüşləri oynanılacaq.

“Bakı-2017”nin futbol yarışlarında hər bir komandanın heyəti 23 yaşadək futbolçulardan ibarətdir. Bununla yanaşı, yaşı 23-dən yuxarı olan üç futbolçu da heyətdə yer alır.

Qeyd edək ki, futbol üzrə Azərbaycan millisi İslam Həmrəyliyi Oyunlarında ilk dəfə çıxış edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.