İDMAN
“Bakı-2017”: Qadın cüdoçularımız komanda yarışlarını gümüş medalla başa vurublar YENİLƏNİB VİDEO
Bakı, 15 may, AZƏRTAC
IV İslam Həmrəyliyi Oyunlarında cüdo üzrə komanda yarışlarında qadınlardan ibarət Azərbaycan millisi gümüş medalla kifayətlənməli olub.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən yarışda komandamız finalda Türkiyə millisinə məğlub olaraq (0:5) İslamiadanı ikinci pillədə başa vurub.
Komandamızın heyətində Purevseren Buyanxişiq (52 kq), İçinxorlu Munxtsedev (57 kq), Xanım Hüseynova (63 kq), Gülsədəf Kərimova (70 kq), İrina Kindzerska (+70 kq) yer alıblar.
Qadın cüdoçular arasında komanda yarışında bürünc medallara Özbəkistan komandası yiyələnib.
Sonra idmançıların mükafatlandırılması mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mükafatlandırma mərasiminə baxıblar.
Qalib komandaların üzvlərinə medalları Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin üzvü Çingiz Hüseynzadə təqdim edib.
Qalib komandanın şərəfinə Türkiyə Respublikasının dövlət himni səsləndirilib və dövlət bayrağı qaldırılıb.