İDMAN
“Bakı-2017”: Tennis yarışlarının ikinci günündə Türkiyə, Pakistan və Türkmənistan tennisçiləri qələbə qazanıblar
Bakı, 13 may, AZƏRTAC
Mayın 13-də Bakı Tennis Akademiyasında keçirilən “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının tennis yarışında kişi və qadın komandaları mübarizə aparıblar.
AZƏRTAC xəbər verir ki, qadınların yarışında Azərbaycan milli komandası Türkmənistan yığması ilə qarşılaşıb. Tennisçilərimiz iki oyunda məğlub olublar. Cütlüklər arasında baş tutan oyunda isə idmançılarımız əzmkarlıq nümayiş etdirərək qalib gəlsələr də, ümumi hesab rəqibin xeyrinə başa çatıb - 1:2
Qadınların komanda yarışının “A” qrupunda növbəti görüş Pakistan və Türkiyə komandaları arasında oynanılıb. Fərdi yarışlarda türkiyəli tennisçilər hər iki görüşdə 2:0 hesabı ilə üstün olublar. Belə ki, Başak Eraydın Uşna Suhailə, Ayla Aksu isə Sara Mansura qalib gəliblər. Cütlüklərin yarışında türkiyəli Melis Sezer-Berfu Çengiz U.Suhail-S.Mansur duetini məğlub edərək ümumi hesabda təmiz qələbəni təmin ediblər - 3:0
Kişilərdən ibarət komandaların görüşündə isə fərdi yarışlarda türkiyəli tennisçilər Altuğ Çelikbilek və Anıl Yüksək müvafiq olaraq, türkmənistanlı idmançılar Georgi Poçay və Atlumurat Qurbanova 2:0 hesabı ilə qalib gəliblər. Cütlüklərin mübarizəsində isə İlhan Sarp Ağabigün-Muhammet Haylaz (Türkiyə) dueti türkmənistanlı cütlük Georgi Poçay-Yuri Roqquskiyi 2:0 hesabı ilə məğlub edib. Beləliklə, görüş Türkiyə millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“B” qrupunda isə Pakistan tennisçiləri İordaniya komandasından üstün olublar. Fərdi yarışlarda pakistanlı Aqil Xan rəqibi Seif Adasa qalib gəlib – 2:0. Digər görüş də Pakistan təmsilçisi Muhammad Abidin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Cütlüklərin yarışında da sevinən tərəf pakistanlı tennisçilər olub. A.Xan-M.Abid dueti Musa Alkatop-Hamza Əl-Əsvad cütünə 2:0 hesabı ilə qalib gəlib. Yekun nəticədə Pakistan millisi İordaniya yığmasını 3:0 hesabı ilə məğlub edib.
Azərbaycanın kişilərdən ibarət komandası isə Qətər təmsilçiləri ilə üz-üzə gəlib.
Gərgin idman mübarizəsi şəraitində keçən görüş Qətər millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. “B” qrupunda yer alan Azərbaycan komandası növbəti oyununu İordaniyaya qarşı keçirəcək.
Ötən gün kişilərin yarışında əlverişsiz hava şəraitinə görə təxirə salınan İordaniya-Qətər, Türkmənistan-Özbəkistan qarşılaşmaları da bu gün oynanılıb. Baş tutan cütlüklərin oyununda Özbəkistan Türkmənistana (2:1), İordaniya isə Qətərə (2:1) qalib gəliblər.