İDMAN
“Bakı 2019”: İtaliya gimnastı Milena Baldassarri fərdi proqramda lentlə çıxışına görə ikinci yerə yüksəlib
Bakı, 18 sentyabr, AZƏRTAC
Bədii gimnastika üzrə 37-ci dünya çempionatının fərdi proqramında B, C və D qruplarında lentlə təsnifat yarışları başa çatıb.
AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan çempionatda uğurla çıxış edən İtaliya gimnastı Milena Baldassarri 20,500 xalla ikinci pilləyə yüksəlib. Fərdi proqramda lentlə çıxışlara israilli atlet Linoy Aşram 21,150 xalla başçılıq edir. İlk üçlüyü onun komanda yoldaşı Nikol Zelikman (19,350 xal) tamamlayır.
Dünya çempionatına ölkəmiz 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.
Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.
Altmış bir ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparır. Çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb.