İDMAN


“Bakı 2019”: Macarıstanın qadın basketbolçuları polşalı rəqiblərini böyük hesabla məğlub ediblər

Bakı, 22 iyul, AZƏRTAC

İyulun 22-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalının basketbol yarışlarının birinci günündə ilk görüşlərə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, festivalın basketbol yarışlarında qadınlar və kişilər mübarizə aparırlar. Festivalda kişi basketbolçuların yarışı “Sərhədçi” İdman Olimpiya Mərkəzində, qadın idmançıların yarışı isə Avropa Azərbaycan Məktəbində keçirilir. Yarışların açılış matçında Yunanıstan və Litva (kişilər), paralel keçən digər görüşdə isə Macarıstan və Polşa (qadınlar) komandaları qarşılaşıblar.

Yunanıstan və Litva komandalarının görüşü gərgin idman mübarizəsi şəraitində keçib. Qarşılaşmada 77:71 hesabı ilə qalib gələn litvalılar festivala qələbə ilə start veriblər. Digər oyunda isə Macarıstanın qadın basketbolçuları polşalı rəqiblərini böyük fərqlə - 95:50 hesabı ilə ağır məğlubiyyətə uğradıblar.

Qeyd edək ki, həm qadınların, həm də kişilərin mübarizəsində səkkiz komanda iki qrupda yarışır. Kişilərin yarışında A qrupunda Azərbaycan, Xorvatiya, Fransa, Serbiya, B qrupunda İspaniya, Yunanıstan, Türkiyə və Litva yığmaları mübarizə aparırlar. Qadınların mübarizəsində isə Belçika, Fransa, İtaliya, Rusiya milliləri A qrupunda, Çexiya, Macarıstan, Polşa və Türkiyə seçmələri isə B qrupunda yer alıblar. Qruplarda ilk iki yeri tutan komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.

Yarışlara iyulun 27-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.