İDMAN
“Bakı 2019”un basketbol yarışlarının ikinci günündə Türkiyə təmsilçiləri meydana çıxıblar
Bakı, 23 iyul, AZƏRTAC
İyulun 23-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalının basketbol yarışlarının ikinci gününə oğlanların mübarizəsində B qrupunda yer alan Türkiyə və Litva seçmələrinin oyunu ilə start verilib.
AZƏRTAC xəbər verir ki, paralel keçən digər görüşdə qızların yarışının B qrupunda Türkiyə və Polşa basketbolçuları üz-üzə gəliblər.
Festivalın basketbol yarışlarında qızlar və oğlanlar mübarizə aparırlar. Qızların yarışı Avropa Azərbaycan Məktəbində və oğlanların yarışı isə “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilir.
Hər iki kateqoriyada səkkiz komanda iki qrupda yarışır. Oğlanların yarışında A qrupunda Azərbaycan, Xorvatiya, Fransa, Serbiya, B qrupunda İspaniya, Yunanıstan, Türkiyə və Litva yığmaları mübarizə aparırlar. Qızların mübarizəsində isə Belçika, Fransa, İtaliya, Rusiya milliləri A qrupunda, Çexiya, Macarıstan, Polşa və Türkiyə seçmələri isə B qrupunda yer alıblar.
Xatırladaq ki, festivalın birinci günündə oğlanların yarışında A qrupunda yer alan təmsilçilərimiz serbiyalı rəqiblərinə 39:77 hesabı ilə uduzublar. Qrupun digər oyununda isə Fransa yığması Xorvatiya ilə görüşdə 76:56 hesabı ilə qələbə qazanıb. B qrupunda isə Litva-Yunanıstan (77:71) və İspaniya-Türkiyə (72:65) görüşləri oynanılıb.
Qızların yarışında isə A qrupunda Rusiya yığması Belçikanı (61:55), Fransa seçməsi İtaliyanı (62:48) məğlub edib. B qrupunda isə Macarıstan yığması Polşaya 95:50 hesabı ilə qalib gəlib. Digər oyunda isə Çexiya seçməsi Türkiyə basketbolçularını məğlubiyyətə uğradıb – 74:58.
Qruplarda ilk iki yeri tutan komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar. Yarışlara iyulun 27-də yekun vurulacaq.