İDMAN


“Bakı 2019”un fərdi proqramında top ilə final yarışlarına 6 ölkədən gimnastlar vəsiqə qazanıblar

Bakı, 17 sentyabr, AZƏRTAC

Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının fərdi proqramında top ilə final yarışlarına 6 ölkədən idmançılar vəsiqə qazanıblar.

AZƏRTAC xəbər verir ki, həlledici mərhələdə Rusiyanı təmsil edən Dina və Arina Averina bacıları, bolqarıstanlı Boriana Kaleyn, Ukrayna gimnastı Vlada Nikolçenko, italiyalı Milena Baldassarri, Nikol Zelikman, Linoy Aşram (hər ikisi israilli) və ABŞ idmançısı Evita Qriskenas birincilik uğrunda yarışacaqlar.

Final yarışlarına bu gün saat 20:05-də start veriləcək.

Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına ölkəmiz 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.

Altmış bir ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparır.

Çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.