İQTİSADİYYAT
“Bakı Ağ Şəhər” layihəsi çərçivəsində Port rayonunun baş plan konsepsiyasının işlənilməsi başa çatmışdır
Bakı, 14 mart (AZƏRTAC). “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində Port rayonunun baş plan konsepsiyasının işlənilməsi başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, ümumi sahəsi 74 hektar olan Port rayonu Yusif Səfərov, Xaqani Rüstəmov küçələri və Nobel prospektinin əhatə etdiyi ərazidə və Bakı buxtasına bitişik sahələrdə yerləşəcəkdir. “Bakı Ağ Şəhər” ərazisinin qərb hissəsindəki rayon Bakının mərkəzi ilə birləşəcəkdir.
Port rayonu yeni bulvar xətti boyunca amfiteatr şəklində yerləşmiş müxtəlif mərtəbəli binalardan ibarət olacaqdır. Yeni bulvara ən yaxın olan binaların mərtəbələrinin sayının 3-dən 24-ə qədər olması planlaşdırılır. Onlardan sonra yerləşən və 32-dən 45-dək mərtəbəsi olan hündür binalar isə rayonun siluetini vizual olaraq tamamlayacaqdır. Binaların bu cür quruluşu dəniz sahilinin, o cümlədən Bayraq Meydanının panoramasına həyəcanlandırıcı görüntü verəcəkdir.
Layihədə infrastruktur obyektləri, məktəblər, parklar, meydançalar ilə yanaşı, Neftçilər prospektinin uzadılması və müasir meqapolisin bütün tələblərinə cavab verən yeni yolların və piyada keçidlərinin salınması insanların komfort hərəkətini və yeni ofis binalarına, otel və yaşayış komplekslərinə rahat girişini təmin edəcəkdir.
Hazırda “Bakı Ağ Şəhər” layihəsinin Yaşıl Ada rayonunun və Sahil rayonunun qərb hissəsinin mənimsənilməsi başa çatmaq üzrədir. Layihə çərçivəsində investorlar üçün iki başqa rayonda yeni imkanlar açılır. Bunlar –“Bakı Ağ Şəhər”-in mərkəzi rayonu olan Fəvvarələr meydanı və podiumlarda, Nizami parkından yuxarıda yerləşən və sahilyanı bulvara gözəl mənzərəsi açılan 7 – 19 mərtəbəli orta hündürlüklü binalardan ibarət Park rayonudur.