İQTİSADİYYAT
“Bakı Ağ Şəhər” layihəsi çərçivəsində infrastruktur işləri davam edir
Bakı, 11 dekabr (AZƏRTAC). "Bakı Ağ Şəhər” (“Baku White City”) layihəsi çərçivəsində Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Xaqani Rüstəmov küçəsi üzrə yolun yenidən qurulması işləri aparılır.
"Bakı Ağ Şəhər”in mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumata görə, eni 45 metr və ümumi uzunluğu 1,7 kilometr olan yeni altızolaqlı yol şimaldan cənuba Bakının Babək və Nobel prospektlərini birləşdirəcəkdir.
Layihədə nəzərdə tutulmuş “Yaşıl ada” adlanan ərazidə hazırda fransız üslubunda dörd kompleksin tikintisi aparılır, həmçinin “Baku White City - Office Building” layihəsinin rəmzi binalarından birinin inşası davam edir.
Yol-nəqliyyat infrastrukturunun inkişafı ilə yanaşı, “Azərenerji” ASC, “Azəriqaz” ASC və “Azərsu” ASC kimi müvafiq dövlət təşkilatlarının cəlb edilməsi ilə yeni kommunikasiya sistemlərinin qurulması üzrə işlər gedir. Fasiləsiz su təchizatını təmin etmək üçün yeni magistral su və kanalizasiya xətləri, məhəllədaxili qaz kəmərlərinin çəkilməsi planlaşdırılır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və “Delta Telekom” ilə birgə layihələrin həyata keçirilməsi sayəsində burada məskən salacaq sakinlərə ən müasir telekommunikasiya xidmətlərinin bütün spektri (TV, telefon, internet) təqdim ediləcəkdir.
Qeyd edilmişdir ki, optik-lif kanal şəbəkəsinin inkişaf sistemi Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Sistemi və Daxili İşlər Nazirliyinin “Təhlükəsiz Şəhər” sisteminin tələbləri nəzərə alınmaqla aparılır.