İQTİSADİYYAT
“Bakı Ağ Şəhər”də Yaşıl Ada rayonu ilk sakinlərini qəbul etməyə hazırlaşır
Bakı, 21 noyabr, AZƏRTAC
Noyabrın 22-də Bakı Ekspo Mərkəzində keçiriləcək RecExpo II – Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisinin iştirakçılarından biri də ölkəmizin daşınmaz əmlak sektorunun ən önəmli layihələrindən olan “Bakı Ağ Şəhər”dir.
“Bakı Ağ Şəhər” layihəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hazırda “Ağ Şəhər”in 10 rayonundan 8-i tamamilə təmizlənərək, şəhər təsərrüfatında istifadə üçün yararlı vəziyyətə gətirilib. “Fransız məhəlləsi” adı ilə tanınmış Yaşıl Ada rayonu ilk sakinlərini qəbul etməyə hazırlaşır. Yaşıl Adada layihələndirilmiş “Paris” evlərinin tikintisi, habelə yol və kommunikasiya infrastrukturlarının inşası başa çatmaq üzrədir. Burada sakinlərin istirahəti üçün bağ salınır.
Nizami parkı ilə qonşuluqda yerləşən Park rayonunda 20 mərtəbəli hündür yaşayış binalarının tikintisi aparılır. Sahənin relyefinə uyğun olaraq amfiteatr üslubunda olan Park rayonundan dənizkənarı bulvara və Bayraq Meydanına gözəl mənzərə açılır. Rayonun eksklüziv yaşayış kompleksi sayılan “Knightsbridge Residence”nin tikintisinə də başlanılıb. Ərazidə 5 yaşayış binası, biznes mərkəzi və məktəbdən ibarət kompleksdə yaşıl zonalar da nəzərdə tutulub.