İQTİSADİYYAT
Bakı Ağ Şəhərin piyada körpüsünün layihələndirilməsi işləri başa çatır
Bakı, 18 dekabr, AZƏRTAC
Bakı Ağ Şəhərin piyada körpüsünün layihələndirilməsi işləri başa çatır.
“Bakı Ağ Şəhər” layihəsinin ictimaiyyətlə əlaqələr üzrə koordinatoru Ayla Qasımova AZƏRTAC-a bildirib ki, eni 7-14 metr, uzunluğu isə 237 metr olan körpünün üst qatı cənubda Baku City Mall alış-veriş mərkəzinin 3-cü mərtəbəsinə, şimalda Fəvvarələr Meydanının mərkəzinə və 1-ci Fəvvarələr küçəsinə, alt qatı isə Nobel prospektində yerləşən “Zaman” meydanına çıxacaq. Ağ Şəhərdə salınan körpü layihənin şimal və cənubunu Nobel prospekti üzərindən birləşdirəcək.
Piyadalar, həmçinin körpüdə yerləşdiriləcək eskalator və liftlər vasitəsilə “Ağ Şəhər” metro stansiyasına rahat gediş-gəliş əldə edəcəklər.
Məlumata əsasən, körpünün inşası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Körpünün layihələndirilməsində yerli mühəndislərlə bərabər Almaniyanın “Werner Sobek” şirkəti də iştirak edib. Memarlıq həlləri dünyada aparıcı memarlıq bürosu kimi tanınmış Niderlandın “UN Studio” şirkəti tərəfindən işlənilib.
“UN Studio” şirkəti “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində investorların sifarişi ilə Nobel prospektinə çıxan qoşa ofis binalarını və bank binasının layihəsini işləyib. Şirkət memarlıq, infrastruktur və şəhərsalma sahəsində ABŞ, Niderland, Avstriya, Tayvan, Sinqapur, Çin və digər ölkələrdə məşhur layihələrin müəllifidir. İlkin mərhələdə Londonda Millennium körpüsü, Strasburqda Kehl körpüsü, Kaliforniyada Sundial körpüsü kimi dünyanın ən heyranedici piyada körpülərinin tərtibat və tikintisi araşdırılıb.
Verilən unikal dizayn özündə piyada təhlükəsizliyi, cazibədar işıqlandırma, küçə mebeli, rahat hərəkət üçün geniş məkan və cəlb edən atmosferi birləşdirir. Dizaynda işlənilmiş landşaft isə piyada hərəkətini bir gəzintiyə çevirəcək. Bütün bunlar körpünü Bakı sakinlərinin və turistlərinin sevimli məkanına çevirəcək.
“Bakı Ağ Şəhər” layihəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində həyata keçirilir.
Ağ Şəhər dünyanın qabaqcıl və müasir ekoloji şəhərsalma layihələrindəndir. Layihə üzərində yerli mütəxəssislərlə yanaşı “ATKINS“ (Böyük Britaniya), “Fosters + Partners” şirkəti və “F+A Architects” (ABŞ) memarlıq bürosu işləyib.
“Bakı Ağ Şəhər” layihəsi müxtəlif beynəlxalq və yerli mükafatlara, o cümlədən Honkonqda “MIPIM Asia Awards 2011” müsabiqəsində "Mərkəzi və Qərbi Asiyanın ən yaxşı gələcək layihəsi" nominasiyasında, Dubayda “Cityscape Global” və bir sıra digər sərgilərdə “Ən yaxşı şəhərsalma layihəsi” kimi müxtəlif mükafatlara layiq görülüb.