CƏMİYYƏT
Bakı-Ələt magistral avtomobil yolunda ölümlə nəticələnən qəza baş verib
Bakı, 7 sentyabr, AZƏRTAC
Bakı-Ələt magistralının Səbail rayonu ərazisindəki hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunun ərazisində, Bakı-Ələt magistral avtomobil yolunun 18-ci kilometrliyində “Opel” və “Subaru” markalı iki minik avtomobili toqquşub. Hadisə nəticəsində iki nəfər ölüb. FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin hadisə yerinə cəlb olunan xilasediciləri “Opel” markalı avtomobilin sürücüsü, 1971-ci il təvəllüdlü Məmiyev Füzuli Mədət oğlunun və sərnişin, 1966-cı il təvəllüdlü Məmmədov Kamal Nəcəf oğlunun cəsədlərini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıblar.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.