SİYASƏT


Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin məzunlarının görüşü keçirilib VİDEO

Bakı, 24 iyul, AZƏRTAC

Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin 1988-ci il məzunlarının buraxılışlarının 30 illiyi münasibətilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə məktəbi bitirmiş müxtəlif ölkələrin hərbi qulluqçuları və onların ailə üzvləri də iştirak ediblər.

Qonaqlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, eləcə də Şəhidlər xiyabanını ziyarət ediblər.

Tədbir iştirakçıları Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində hərbi orkestrin müşayiəti ilə təntənəli surətdə qarşılanıb və iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun büstü önünə gül dəstələri qoyublar.

Məzunlar Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin ərazisindəki hərbi tədris və yaşayış obyektlərinə, atəş və taktiki şəhərciklərə baxış keçiriblər. Sonra iştirakçılar “Üçtəpə” təlim mərkəzinə səfər edib, burada yaradılmış xidməti şərait və maddi-texniki baza ilə tanış olublar.

Tədbir iştirakçılarının şərəfinə verilən rəsmi ziyafətdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin 1988-ci il məzunu, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev də iştirak edib.

Görüş iştirakçılarını salamlayan general-polkovnik Elçin Quliyev məzun olmalarının 30 illiyi münasibətilə kursant yoldaşlarını təbrik edib, onlara uğurlar arzulayıb.

Çıxış edənlər Bakıda hərbi məktəbdə təhsil aldıqları illərlə bağlı xatirələrini bölüşüblər. Xatirələr sırasında 1987-ci ildə SSRİ Müdafiə Nazirliyindən göndərilmiş xüsusi inspeksiya tərəfindən Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin bağlanılması və kursantların başqa hərbi məktəblərə köçürülməsi barədə rəy verilməsi, bununla əlaqədar hərbi məktəbin şəxsi heyəti, o cümlədən də kursantları tərəfindən müxtəlif instansiyalar qarşısında etiraz səslərini ucaltmaq cəhdlərinin nəticəsiz qalması, respublikanın həmin dövrdəki rəhbərliyinin hərbi məktəbi qorumaq iqtidarında olmaması diqqətə çatdırılıb. Yalnız həmin dövrdə SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü olan ulu öndər Heydər Əliyevin bu məsələyə müdaxiləsi sayəsində qərarın qarşısının alınması minnətdarlıqla xatırlanıb. Bu hadisələri xatırlayan məzunlar Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin bitirərək ilk zabit hərbi rütbələrini ala bilmələrinə görə dahi öndər Heydər Əliyevə minnətdar olduqlarını xüsusi vurğulayıb və onun uca xatirəsini böyük ehtiramla yad ediblər.

MDB üzv ölkələrinin hərbi struktur qurumlarında uzun müddət xidmət edərək böyük hərbi təcrübə qazanmış, bir qismi artıq təqaüddə olan məzunlar Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin müasir səviyyəsi və döyüş qabiliyyəti haqqında təəssüratlarını bölüşüb, yüksək döyüş imkanlarına malik hərbi potensialın qısa müddətdə formalaşdırılmasında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin xidmətlərini xüsusi qeyd ediblər.

Tədbirdə məktəbin məzunlarının xidmət yoluna dair qısametrajlı film nümayiş etdirilib, iştirakçılara “Buraxılışın 30 illiyi” xatirə medalı və qiymətli hədiyyələr təqdim olunub. Tədbir musiqili proqram ilə davam edib.

Tədbir iştirakçıları üçün Quba rayonunda istirahət proqramı təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.