ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbi Amerikanın müvafiq təhsil mərkəzləri ilə əməkdaşlıq edəcəkdir
Bakı, 27 fevral (AZƏRTAC). Amerika Birləşmiş Ştatlarının (ABŞ) azərbaycandakı səfirinin mədəniyyət və təhsil işləri üzrə müşaviri Kristofer Cons Bakı Ali Neft Məktəbində (BANM) olmuşdur.
AZƏRTAC xəbər verir ki, məktəbin rektoru Elmar Qasımov ali təhsil müəssisəsinin fəaliyyəti haqqında məlumat verərək demişdir ki, BANM Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturlarında yüksəkixtisaslı mühəndis kadrlara olan tələbatın ödənilməsi məqsədi ilə yaradılmışdır. Tələbə qəbulu göstəricilərinə görə BANM 2012-ci ildə ali məktəblər arasında mütləq lider olmuşdur. Burada tədris prosesi Böyük Britaniyanın “Heriot-Vatt” Universiteti ilə əməkdaşlıq müqaviləsi çərçivəsində ingilis dilində və ən müasir texnologiyaların tətbiqi ilə aparılır.
Rektor 2013-2014-cü tədris ilində “Neft-qaz mühəndisliyi” ixtisası üzrə 50, “Kimya mühəndisliyi” ixtisası üzrə 50 və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə 20 tələbənin qəbul ediləcəyini, məktəb üçün inşa edilən kompleksin istismara verilməsindən sonra ixtisasların sayının artırılacağını vurğulamış, ABŞ-ın universitetləri ilə əlaqələr qurulmasına ehtiyac olduğunu bildirmişdir.
Kristofer Cons Azərbaycanda mühəndis kadrları hazırlayan müasir tipli belə bir ali təhsil müəssisəsinin yaranmasını təhsil sistemində önəmli addım kimi dəyərləndirmiş, BANM-nin beynəlxalq əlaqələrini genişləndirmək planlarını alqışlamış və səfirliyin ABŞ-ın müvafiq təhsil mərkəzləri ilə müxtəlif proqramlar üzrə əməkdaşlıq əlaqələrinin yaradılmasına dəstək verəcəyini bildirmişdir.
Sonra qonaq məktəbinin müəllimləri və tələbələri ilə söhbət etmişdir.