ELM VƏ TƏHSİL


Bakı Ali Neft Məktəbi “Huawei” şirkətilə əməkdaşlığa başladı

Bakı, 23 yanvar, AZƏRTAC

Bakı Ali Neft Məktəbində (BANM) Çinin ən böyük transmilli şirkətlərindən olan “Huawei” şirkətinin Azərbaycan nümayəndəliyi ilə görüş keçirilib. Görüşdə BANM-in rektoru Elmar Qasımov, “Huawei” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Lu Kanlin, şirkətin proqramlar üzrə menecerləri Eldar Cəbrayılov və Tao Ziven, Ali Neft Məktəbinin tələbələri və məsul əməkdaşları iştirak ediblər.

BANM-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə rektor Elmar Qasımov çoxlu sayda transmilli şirkətlərlə əməkdaşlıq edən Ali Neft Məktəbinin tərəfdaşları sırasına “Huawei” şirkətinin qoşulmasından çox məmnun olduğunu bildirib. Qeyd edib ki, gələcək nəsli İT baxımından daha mükəmməl yetişdirmək məqsədilə biliklərini daim paylaşan “Huawei” şirkətinin BANM-in proseslərin avtomatlaşdırılması kafedrası və bu ixtisasda təhsil alan tələbələrlə çalışması onun sosial iş prinsipləri ilə üst-üstə düşəcək.

“Huawei” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Lu Kanlin avtomatika sahəsində güclü mütəxəssislər hazırlayan BANM ilə təmsil etdiyi şirkətin əməkdaşlığını yüksək qiymətləndirdiyini və bunun üçün lazımi dəstək göstərilməsinə hazır olduğunu qeyd edib.

Daha sonra şirkətin proqramlar üzrə meneceri Tao Ziven “Huawei”in tarixi, onun fəaliyyət sahələri, korporativ dəyərləri, iş prinsipləri haqqında təqdimat edib, tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıb.

Görüşdə, həmçinin BANM ilə “Huawei” şirkətinin Azərbaycan nümayəndəliyi arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumun əsas məqsədi BANM-də yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üçün zəruri maddi-texniki, elmi-metodik və təşkilati tədbirlərin həyata keçirilməsini təmin etməkdir.

Memorandumun şərtlərinə əsasən, tərəflər Ali Neft Məktəbinin tələbələrinin şirkətin təşkil etdiyi təcrübə proqramlarında iştirakı, şirkətin xaricdən Azərbaycana gələn mütəxəssislərinin BANM-in tələbələri üçün mühazirələr oxumasının təşkili, tədris prosesində istifadə üçün Ali Neft Məktəbinin proqram təminatı ilə təchizi, BANM məzunları üçün şirkətin müvafiq tələb və şərtləri çərçivəsində karyera imkanlarının yaradılması istiqamətlərində əməkdaşlıq edəcəklər.

Qeyd edək ki, “Huawei” şirkəti telekommunikasiya avadanlığı, elektronika, süni intellekt və texnologiyalara əsaslanan xidmət və məhsulların istehsalında ixtisaslaşan Çinin transmilli özəl şirkətidir. Hazırda şirkətdə 180 mindən artıq işçi çalışır, onlardan 76 mini tədqiqat və inkişaf sahəsində fəaliyyət göstərir. “Huawei” dünyanın 170 ölkəsində öz məhsullarını istehsal edir, 1500-dən artıq şəbəkə yaradaraq dünya əhalisinin üçdəbirinə xidmət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.