ELM VƏ TƏHSİL


Bakı Ali Neft Məktəbi Polis Akademiyası ilə “İnformasiya təhlükəsizliyi” üzrə əməkdaşlığa başladı

Bakı, 7 noyabr, AZƏRTAC

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

BANM-dan AZƏRTAC-a bildiriblər ki, görüşün məqsədi təhsil və elm sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, iki təhsil müəssisəsi, həmçinin onların elmi-pedaqoji kollektivləri arasında sıx əlaqələrin qurulması, təcrübə mübadiləsinin aparılmasıdır.

Əvvəlcə nümayəndə heyəti BANM-in tədris binasında tələbələrin hərtərəfli təhsil alması üçün yaradılan şəraitlə, tədris otaqları, çoxfunksiyalı laboratoriyaları, muzey, server otaqları və idman zalları ilə yaxından tanış olub.

Görüşdə rektor E.Qasımov Bakı Ali Neft Məktəbinin yaranma tarixi, fəaliyyəti, əldə etdiyi uğurlar, tədris prosesi, yeniliklər barədə ətraflı məlumat verib. Rektor bildirib ki, BANM-də yüksəkixtisaslı ingilisdilli mühəndis kadrları hazırlanır. Ali məktəbdə beynəlxalq tədris proqramlarına əsasən tədris aparıldığını qeyd edən E.Qasımov Böyük Britaniyanın Heriot-Vatt, ABŞ-ın Corc Vaşinqton Universiteti, İsveçrənin Cenevrə Biznes Məktəbi ilə sıx əməkdaşlıq edildiyini, tələbə və təcrübə mübadiləsi həyata keçirildiyini deyib.

Bundan başqa, rektor BANM tələbələrinin nüfuzlu yerli və transmilli şirkətlərdə istehsalat təcrübəsi keçdiyini vurğulayaraq, məzunların hər birinin işlə təmin olunduğunu qeyd edib.

“Sizin rəhbərlik etdiyiniz ali məktəbdə də bu ildən “İnformasiya təhlükəsizliyi” ixtisasının tədrisinə başlanılıb. 2018-ci ildən etibarən Bakı Ali Neft Məktəbində də bu ixtisas üzrə qəbul həyata keçirilir. Qeyd edim ki, cari tədris ilində ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının ixtisas seçimi nəticəsində Bakı Ali Neft Məktəbinin informasiya təhlükəsizliyi (673,5 bal), proseslərin avtomatlaşdırılması mühəndisliyi (657,8 bal) ixtisasları növbəti dəfə ölkə universitetləri arasında ən yüksək keçid balı olan ixtisasları olub”, - deyə E.Qasımov bildirib.

O, həmçinin Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, bu il Bakı Ali Neft Məktəbinin yüksək bal toplayan 23 tələbəsinin Prezident təqaüdünə layiq görüldüyünü diqqətə çatdırıb.

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, polis general-mayoru, hüquq üzrə elmlər doktoru Nazim Əliyev rəhbərlik etdiyi təhsil müəssisəsinin tarixi, fəaliyyəti, strukturu və xidmətləri haqqında ətraflı məlumat verib. BANM ilə Polis Akademiyası arasında əlaqələrin zəruriliyindən danışan rəis Azərbaycan vətəndaşına və dövlətinə xidmət edən mütəxəssislərin informasiya təhlükəsizliyi sahəsində biliklərinin artırılmasının vacib olduğunu deyib.

N.Əliyev qeyd edib ki, Polis Akademiyasında informasiya təhlükəsizliyi ixtisası üzrə əyani təhsilə kursantların qəbulu həyata keçirilir.

“Azərbaycanda informasiya təhlükəsizliyinin təmin olunmasının qanunvericilik bazasının formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm qanunlar, normativ aktlar qəbul edilib və sərəncamlar imzalanıb. Bununla belə, hesab edirəm ki, informasiya təhlükəsizliyi və kibercinayətkarlıqla mübarizə sahəsində nəzəri biliklərin artırılması üçün bu sahədə mütəxəssis hazırlayan ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi zəruridir”, - deyə rəis bildirib.

Sonda təcrübə mübadiləsi, məqsədyönlü işçi əməkdaşlıq proqramları ilə nəzərdə tutulan elmi-pedaqoji qrupların və tələbələrin mübadiləsi, tədris fənlərinin proqramları, iş planları və təlim-tədris texnologiyaları, qarşılıqlı maraq kəsb edən digər məsələlər üzrə əlaqələrin intensivləşdirilməsi qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.