ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbi Polşanın WSB Universiteti ilə magistratura pilləsi üzrə əməkdaşlıq edəcək
Bakı, 7 fevral, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) Polşanın WSB Universitetinin rəhbərliyi ilə görüş keçirilib. Görüşdə BANM-in rektoru Elmar Qasımov, WSB Universitetinin beynəlxalq əməkdaşlıq üzrə prorektoru Rafal Rebilas və beynəlxalq əlaqələr üzrə direktoru Pavel Urgacz iştirak ediblər.
BANM-dən AZƏRTAC-a bildirilib ki, görüşdə tərəflər arasında tələbə, müəllim-professor heyətinin mübadiləsi, eləcə də elmi materialların mübadiləsi, birgə tədqiqat və təhsil layihələri üzrə əməkdaşlıq barədə razılığa gəlinib. Nəticə olaraq tərəflər bu istiqamətlər üzrə əməkdaşlığı özündə əks etdirən ikitərəfli əməkdaşlıq haqqında razılaşma imzalayıblar.
Hər iki universitet, həmçinin magistratura pilləsi üzrə əməkdaşlıq etmək qərarına gəlib. Belə ki, ali məktəbin WSB Universiteti ilə ikili diplom proqramı nəticəsində BANM-in biznesin idarə edilməsi (MBA) ixtisası üzrə təhsil alan magistr tələbələrinin hər iki universitetin diplomlarını əldə etmək şansı olacaq. Bununla bağlı tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə bu istiqamət üzrə təhsil planlarını və proqramlarını yaratmaq üçün aparıcı mütəxəssislərdən ibarət elmi və metodiki şuranın təşkilini, distant təhsil proqramının tətbiq olunmasını, müasir interaktiv texnologiyaların (elektron platformaların) layihə iştirakçıları tərəfindən istifadəsini və digər istiqamətləri özündə ehtiva edir.
WSB Universitetinin nümayəndələri, həmçinin BANM-in laboratoriyaları, idman kompleksi, kitabxanası, mühazirə otaqları və zallarını gəzərək tələbələr üçün yaradılmış şəraitlə tanış olublar.