ELM VƏ TƏHSİL


Bakı Ali Neft Məktəbi Prezident təqaüdçülərinin sayına görə liderdir

Bakı, 30 oktyabr, AZƏRTAC

Bakı Ali Neft Məktəbi (BANM) I ixtisas qrupu üzrə Prezident təqaüdçülərinin sayına görə növbəti dəfə ölkə lideri olub.

BANM-dən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin 2020/2021-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında 2020-ci il 29 oktyabr tarixli Sərəncamına əsasən Bakı Ali Neft Məktəbinin 22 tələbəsi Prezident təqaüdünə layiq görülüb.

Bakı Ali Neft Məktəbi bu göstərici üzrə respublika ali məktəbləri içərisində II yerdə qərarlaşıb, I ixtisas qrupu üzrə isə lider olub. Müvafiq Sərəncamla, bu il ümumilikdə 102 nəfər Prezident təqaüdçüsü adını qazanıb.

Qeyd edək ki, qəbul imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərərək Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdü verilir. İndiyədək böyük rəqabətin qeydə alındığı I qrupda heç bir universitet Bakı Ali Neft Məktəbi qədər maksimal sayda Prezident təqaüdçüsü ilə təmsil olunmayıb. Beləliklə, ali məktəbin ümumilikdə Prezident təqaüdçülərinin sayı 172 nəfərə çatıb.

22 Prezident təqaüdçüsündən 11 nəfər BANM-in “İnformasiya təhlükəsizliyi” ixtisasını, 10 nəfər “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını, 1 nəfər “Kimya mühəndisliyi” ixtisasını seçib. Bu il BANM-in Prezident təqaüdçülərinin ən minimal balı 683.9 olub.

Prezident təqaüdünə layiq görülən 14 tələbə Bakı, 8 nəfər isə müxtəlif şəhər və rayon (o cümlədən 1 nəfər kənd məktəbinin, 1 nəfər isə işğal altında olan rayonlara aid məktəbin) məktəblərinin məzunlarıdır.

Xatırladaq ki, 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Prezident Fərmanı ilə təsis edilən Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği son illər dəfələrlə artırılaraq 210 manat müəyyən edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.