ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbi Tallinn Texnologiya Universiteti ilə əməkdaşlığa başladı
Bakı, 17 fevral, AZƏRTAC
Bakı Ali Neft Məktəbi (BANM) ilə Tallinn Texnologiya Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, memorandumu bu ali məktəbin rektoru Elmar Qasımov və Tallinn Texnologiya Universitetinin İnformasiya texnologiyaları fakültəsinin Elektron İdarəetmə Texnologiyaları və Xidmətləri proqramının müdiri İnqrid Pappel imzalayıblar.
İmzalanma mərasimində Bakı Ali Neft Məktəbinin professor-müəllim heyəti, tələbələr, Tallinn Texnologiya Universitetinin əməkdaşları iştirak ediblər.
Tədbirdə gələcək əməkdaşlıq, tələbə və professor-müəllim heyətinin mübadiləsi, yay məktəbinin təşkili, elmi tədqiqatlar sahəsində əlaqələrin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
E.Qasımov bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Estoniya ilə münasibətlərin bütün sahələrdə inkişafı üçün daha real imkanlar yaranıb. Ötən müddətdə Estoniya-Azərbaycan əlaqələrinin genişləndirilməsi istiqamətində ciddi addımlar atılıb, iki ölkə arasında siyasi, iqtisadi və humanitar əməkdaşlıq sahələrində mühüm irəliləyişlərə nail olunub.
Azərbaycandan olan tələbələr arasında Tallinn Texnologiya Universitetinə marağın getdikcə artdığını qeyd edən E.Qasımov Bakı Ali Neft Məktəbi ilə də intensiv tələbə mübadiləsi həyata keçiriləcəyinə ümidvar olduğunu deyib.
İnqrid Pappel qeyd edib ki, Tallinn Texnologiya Universiteti Estoniyanın sürətlə inkişaf edən, cəmiyyətin ehtiyaclarına və rəqəmsal dövrün çağırışlarına cavab verən ali təhsil müəssisəsidir. Burada kompüter sistemləri və mühəndisliyi, kibertəhlükəsizlik, elektron idarəetmə texnologiyaları və xidmətləri, dizayn və mühəndislik, texnologiya idarəetməsi ixtisasları tədris olunur.
Sonra İ.Pappel Tallin Texnologiya Universitetində yaradılan elektron hökumət və e-sistem həlləri barədə təqdimatla çıxış edib.
Qonaqlar BANM-in kampusu və burada yaradılan şəraitlə tanış olublar.
Qeyd edək ki, texniki sahə üzrə əhatəli tədris prosesinin və elmi tədqiqat işlərinin həyata keçirildiyi ali məktəblər sırasında Tallinn Texnologiya Universiteti xüsusi mövqeyə malikdir. Universitet 1918-ci ildən Estoniyanın paytaxtı Tallinn şəhərində məktəb kimi fəaliyyətə başlayıb və 1938-ci ildə universitet statusu əldə edib. Bakalavriat və magistratura təhsil pillələri üzrə ingilisdilli tədris həyata keçirir.