ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbi beynəlxalq foruma hazırlaşır
Bakı, 17 aprel, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş ikinci SOCAR beynəlxalq “Xəzər və Mərkəzi Asiya: ticarət, logistika, neft emalı, neft-kimya” forumunun proqram komitəsinin iclası keçirilib.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, forum aprelin 25-dən 28-dək Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin və Böyük Britaniyanın “Confidence Capital Ltd” şirkətinin birgə təşkilatçılığı ilə reallaşacaq.
İclasda qeyd olunub ki, forum beynəlxalq maraq doğurur. Artıq 15 ölkədən nümayəndələr Xəzər regionunda neft-qaz üzrə ilin ən əhəmiyyətli tədbirində iştiraklarını təsdiqləyiblər. Belə ki, Azərbaycan ilə yanaşı, Avstriya, Belarus, Böyük Britaniya, Rusiya, ABŞ, İsveçrə və digər ölkələrin 100-dən artıq təmsilçisi foruma qatılacaq.
Sonra forumun təşkilatı məsələləri müzakirə olunub.
İclasda forumun proqram komitəsinin sədri, BANM-in rektoru Elmar Qasımov və komitənin həmsədri, “Confidence Capital Ltd” şirkətinin baş direktoru Andrey Rudenko iştirak ediblər.