ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbi ilə BMT-nin Təlim və Tədqiqat İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
Cenevrə, 22 iyun, AZƏRTAC
BMT-nin Cenevrə Bölməsinin yerləşdiyi Millətlər Sarayında Bakı Ali Neft Məktəbi (BANM) ilə BMT-nin Təlim və Tədqiqat İnstitutu (UNITAR) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi BANM-in rektoru Elmar Qasımov və UNITAR-ın icraçı direktoru, BMT baş katibinin müavini Nikhil Set imzalayıblar.
Ölkəmizin Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin irəli sürdüyü bu təşəbbüs UNITAR tərəfindən həyata keçirilən “Nigeriyanın neft və qaz sənayesində kadr potensialının gücləndirilməsi” layihəsi üzrə on beş nigeriyalı tələbənin müvafiq ixtisaslar üzrə bu ildən başlayaraq BANM-də bakalavr dərəcəsi üzrə BMT-nin ayırdığı təqaüdlərin hesabına təhsil almasını nəzərdə tutur.
İmzalanma mərasimdə ölkəmizin Cenevrədəki daimi nümayəndəsi, səfir Vaqif Sadıqov, Nigeriyanın daimi nümayəndəsi, səfir Audu Kadiri, BANM-in prorektoru Rəşad Həsənov və UNITAR-ın proqram rəhbəri Aleksandr Mexiya iştirak ediblər.
Azərbaycanın yeni texnologiyalar üzrə aparıcı təhsil ocaqlarından olan BANM-də ölkəmizin müasir dövründə ilk dəfə BMT təqaüdçülərinin oxumağı dövlətin təhsil sahəsinə ayırdığı yüksək diqqətin beynəlxalq səviyyədə müsbət qiymətləndirilməsinin, eləcə də əvvəlki onilliklər ərzində xarici ölkələr üçün Azərbaycanda elmi-texniki kadrların hazırlanması ənənələrinin tədricən bərpa edilməsinin əyani göstəricisidir.
1963-cü ildə təsis olunmuş Təlim və Tədqiqatlar İnstitutu BMT-nin ixtisaslaşdırılmış təlim qurumudur. UNITAR müxtəlif növ diplomatik təlim kurslarının keçirilməsi vasitəsilə həm BMT-nin səmərəliyinin artırılması, həm də ictimai məlumatlandırma, təhsil və dövlət idarəçiliyində çalışan məmurların təlimi vasitəsilə BMT-nin üzv dövlətlərinin milli səviyyədə apardığı işin gücləndirilməsinə xidmət edir. İnstitut, həmçinin BMT-nin üzv dövlətlərinə innovativ tədris yanaşmaları və üsulları təqdim edir, onların müraciətləri əsasında tətbiqi tədqiqatlar aparır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə