ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbi qlobal distant təhsil proqramına qoşulub
Bakı, 31 mart, AZƏRTAC
Bakı Ali Neft Məktəbi (BANM) ABŞ-ın Stanford Universitetinin “Coursera for Campus” qlobal distant tədris proqramına qoşulub. Proqramın məqsədi koronavirus infeksiyasının təsir etdiyi ölkələrə təhsil sahəsində dəstək göstərməkdən ibarətdir.
BANM-dən AZƏRTAC-a bildirilib ki, martın 26-dan etibarən ali məktəb sözügedən proqramın tədrisinə dair lisenziya əldə edib. Beləliklə, BANM-in proseslərin avtomatlaşdırılması mühəndisliyi və informasiya təhlükəsizliyi ixtisaslarının tələbələri və müəllimləri dünyanın nüfuzlu 18 universitetinin 400 ixtisas üzrə təklif etdiyi 3800 kursdan ixtisaslarına uyğun olanları ödənişsiz onlayn olaraq mənimsəmək imkanı əldə ediblər. Belə ki, tələbələr “Coursera for Campus” proqramı çərçivəsində informasiya texnologiyaları, kompüter elmləri və mühəndislik üzrə kurslardan yararlanırlar.
Kurs ingilis dilində tədris olunur və 150-dən çox BANM tələbəsi faydalanır. Kursu müvəffəqiyyətlə bitirən tələbələrə sertifikat veriləcək. Bu da onlara müvafiq fənlər üzrə final imtahanlarından azad olmaq imkanı yaradacaq.
Qeyd edək ki, sözügedən kurslar universitet tələbələrinə, məzunlara, müəllim və işçi heyətinə yüksəkkeyfiyyətli onlayn təhsil təklif edir.