ELM VƏ TƏHSİL


Bakı Ali Neft Məktəbi tələbələrinin ifasında “O olmasın, bu olsun” operettası tamaşaya qoyulacaq

Bakı, 16 oktyabr, AZƏRTAC

Bakı Ali Neft Məktəbi (BANM) tələbələrinin ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettası səhnələşdirilib.

BANM-dən AZƏRTAC-a bildirilib ki, musiqili komediya bu il dünyada quruda ilk neft platforması olan Neft Daşları yatağının 70 illiyinə həsr olunub.

Operetta oktyabrın 23-də saat 18:00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində oynanılacaq.

Musiqili komediyanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, bədii rəhbəri, Bakı Ali Neft Məktəbinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Kəmalə Mehdiyeva, konsertmeysteri Əməkdar müəllim Zülfiyyə Sadıqovadır.

Tamaşada Bakı Ali Neft Məktəbinin yerli və əcnəbi tələbələri çıxış edir. Bu, ali məktəbin tələbələrinin ifasında səhnələşdirilən ikinci tamaşadır. İlk olaraq BANM tələbələrinin rol aldığı Mirzə Fətəli Axundzadənin komediyası əsasında “Hekayəti-Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşaya qoyulub.

Qeyd edək ki, “O olmasın, bu olsun” 1910-cu ildə Üzeyir Hacıbəyli tərəfindən yazılıb və bu, bəstəkarın musiqili komediya janrında ikinci əsəridir. Dörd pərdədən ibarət əsərdə Azərbaycan xalq musiqisi - muğamdan və orta əsr Azərbaycan şairi Füzulinin qəzəllərindən istifadə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.