ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbi və “ASAN kadr” mərkəzi 2-ci “Karyera sərgisi” keçirəcək
Bakı, 6 mart, AZƏRTAC
Bakı Ali Neft Məktəbi (BANM) və ASAN Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzi “Coca-Cola” şirkətinin sponsorluğu ilə gənclərin məşğulluğunu artırmaq üçün 2-ci “Karyera sərgisi”ni keçirəcək.
BANM-dan AZƏRTAC-a bildiriblər ki, karyera sərgisi bütün vətəndaşlar üçün açıq olacaq, onlara məşğulluq, iş, təcrübə imkanları təklif edəcək, habelə müxtəlif şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə peşəkar ünsiyyət qurmağa şərait yaradılacaq.
Sərgi martın 12-də saat 10:00-dan 13:00–dək Bakı Ali Neft Məktəbinin kampusunda keçiriləcək. Tədbirdə müxtəlif yerli və xarici müəssisələrin nümayəndələri iştirak edəcəklər.
Sərginin əsas məqsədi savadlı, bacarıqlı, təcrübəli və iş potensialı ilə fərqlənən gənclərin dövlət və özəl qurumlarda işlə təmin olunmalarına dəstək göstərmək və müəssisələrin mövcud iş vakansiyaları haqqında məlumat vermələri üçün şərait yaratmaqdır.
Qeyd edək ki, BANM və ASAN Könüllülük Məktəbi gənc mütəxəssislərin işlə təmin olunması məsələlərinə hər zaman xüsusi diqqət yetirən müəssisələrdəndir.
BANM-in ötənilki məzunlarının hamısı işlə təmin olunub, ASAN Könüllülük Məktəbindən isə bu günə kimi 1100-ə yaxın kadr işlə təmin edilib.
2018-ci ildə BANM və “ASAN kadr” karyera mərkəzinin birgə keçirdiyi 1-ci “Karyera sərgisi”ndə 53 müəssisə təmsil olunub və 1500-dən çox iştirakçı olub.