ELM VƏ TƏHSİL


Bakı Ali Neft Məktəbi və Heriot-Vatt Universitetinin əməkdaşlığı 2021-ci ilədək uzadılıb

Bakı, 23 noyabr, AZƏRTAC

Bakı Ali Neft Məktəbində (BANM) bu ali məktəbin əməkdaşlıq etdiyi Heriot–Vatt Universitetinin (HVU) nümayəndələri ilə görüş olub.

BANM-dən AZƏRTAC-a bildirilib ki, bu ali məktəbdə keçirilən görüşdə HVU-nun neft-qaz mühəndisliyi ixtisası üzrə magistr proqramının direktoru Qreym Vayt, kimya mühəndisliyi fakültəsinin dosenti, kömürün çıxarılması və saxlanması üzrə innovasiyalar mərkəzinin rəhbəri Qreym Kolli, müəllimlər və tələbələr iştirak ediblər.

Görüşdə BANM ilə HVU arasında əməkdaşlığın yeni istiqamətləri barədə fikir mübadiləsi aparılıb. HVU ilə əməkdaşlığın perspektivlərindən söz açan rektor Elmar Qasımov istiqamətdə atılmış addımların böyük uğur gətirdiyini vurğulayıb.

Söhbət zamanı HVU-nun BANM-in tələbələri üçün proqram təminatından, proqramda yenilik və əlavələrdən danışılıb. Həmçinin proqram keyfiyyətinin qorunub saxlanılmasına dair addımlar müəyyənləşdirilib.

Həmçinin cari ildə BANM-də HVU-nun proqramı əsasında fəaliyyətə başlayan magistratura şöbəsinin növbəti semestr proqramı təsdiqlənib və gələcək müdafiə işləri müzakirə edilərək həllini tapıb.

Sonda Q.Vayt tərəflər arasında əməkdaşlığın 2021-ci ilədək uzadılması ilə bağlı sertifikatı rektor E.Qasımova təqdim edib. Sertifikat BANM-in HVU-nun müəyyənləşdirilmiş akademik proqramlarını tədris etmək hüququnu bir daha təsdiqləyir.

Qeyd edək ki, Böyük Britaniyanın nüfuzlu ali təhsil ocaqlarında sayılan HVU ilə əməkdaşlıq edən BANM bakalavriat və magistratura pillələri üzrə kadrlar hazırlayır. Artıq ölkəmizdə ingilisdilli, ixtisaslaşmış mühəndislər üzrə insan resurslarını transmilli şirkətlər xaricdə deyil, Bakı Ali Neft Məktəbində tapırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.