ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbində BP-nin “Skills Refinery” proqramının təqdimatı olub
Bakı, 7 noyabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) BP şirkətinin tələbələrin işlə təminolunma imkanlarının artırılmasına yönəlmiş yeni qlobal onlayn portal olan “Skills Refinery” (“Bacarıqların təkmilləşdirilməsi”) proqramının təqdimatı keçirilib.
BANM-dən AZƏRTAC-a bildirilib ki, təqdimat BP şirkətinin insan resursları şöbəsinin məzun və təcrübə proqramları üzrə mütəxəssisi Mehriban Şıxzamanova, şöbənin digər əməkdaşı Əli Dəmirzadə, işəgötürmə üzrə koordinator Səbinə Vəliyeva və şirkətin sosial investisiyalar üzrə mütəxəssisi Babək Həmidov tərəfindən aparılıb. Təqdimatda BANM-in neft-qaz mühəndisliyi və proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisaslarının tələbələri iştirak ediblər.
Təqdimatın əsas məqsədi tələbələrin öz bacarıqlarını gələcəyin tələblərinə uyğunlaşdırmasına və daim dəyişməkdə olan dünyada uğur qazanmaları üçün lazımi bacarıqlara yiyələnməsinə dəstək olmaqdır. “Skills Refinery” tələbələrə beş bacarıq sahəsində - kritik məsələlərin həlli, innovasiya, təsir və ünsiyyət, koqnitiv çeviklik və emosional intellekt sahələrində öz qabiliyyətlərini sınamaq və inkişaf etdirmək fürsəti verir.
Məzun və təcrübə proqramları üzrə mütəxəssis Mehriban Şıxzamanova bildirib ki, “Skills Refinery” tələbələrə özlərini sınamaq, interaktiv yoxlamalardan istifadə etməklə bacarıqlarını təkmilləşdirmək, nailiyyətlərini izləmək imkanı yaradır.
Təqdimat sual-cavab sessiyası ilə yekunlaşıb.
Qeyd edək ki, “Skills Refinery” proqramının üzvləri üçün rəqabət və həyəcan hissini artırmaq məqsədilə BP şirkəti tərəfindən qlobal yarış təşkil ediləcək. Tələbələr videotəqdimat yolu ilə ölkə səviyyəsində yarışmaq üçün qruplar təşkil etməli olacaqlar. Ölkə səviyyəsində qalib gələnlər yarışmanı 2019-cu ildə “One Yound World” Ümumdünya Gənclər Sammitinin 10-cu ildönümü münasibətilə Londonda keçiriləcək zirvə toplantısına eksklüziv səyahət qazanmaq fürsəti uğurunda qlobal yarışmaya qatılacaqlar.