ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbində “Mühəndislər üçün biznes təhsili” kursu yekunlaşıb
Bakı, 5 iyun, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri “Mühəndislər üçün biznes təhsili” kursunu uğurla başa vurublar.
BANM-dən AZƏRTAC-a bildirilib ki, “BP Azərbaycan” şirkətinin maliyyə dəstəyi ilə yerli mühəndislərin inkişafı üçün həyata keçirilən bu layihədə beşinci kurs tələbələri iştirak ediblər. Kurs BANM-dəki təhsil müddətində mühəndislik üzrə yüksək bilik və onun tətbiqi səriştəsinə yiyələnmiş tələbələrə yeni proqram çərçivəsində menecment və biznes sahəsində geniş bilgilər verir. Bu proqram gələcək məzunların müasir biznes mühitinə daha səmərəli inteqrasiya olunmaları üçün şərait yaradır. Bu təşəbbüsün əsas məqsədi gənc mühəndislərə ümumi biznes biliklərinin baza prinsiplərinin, liderlik keyfiyyətlərinin, layihələrin idarə edilməsinin və bir sıra digər istiqamətdə biznes əsaslı səriştə və biliklərin öyrədilməsi olub. Proqramı tədris etmək üçün layihələrin idarə edilməsi sahəsində təcrübəli ekspertlər cəlb olunublar. Səkkiz modulu əhatə edən proqram üçün xüsusi dizayn edilmiş 16 kitabdan ibarət dərs vəsaiti hazırlanıb.
Ali məktəbin rektoru Elmar Qasımov kursu uğurla başa vuran tələbələrə BP və BANM-in sertifikatlarını təqdim edib.