ELM VƏ TƏHSİL


Bakı Ali Neft Məktəbində “Mühəndislər üçün biznes təhsili” layihəsinə başlanılıb

Bakı, 10 oktyabr, AZƏRTAC

Bakı Ali Neft Məktəbinin (BANM) və BP şirkətinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Mühəndislər üçün biznes təhsili” layihəsinin başlanması ilə bağlı tədbir keçirilib.

BANM-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən rektor Elmar Qasımov layihənin mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin liderlik, idarəetmə bacarıqlarının inkişaf etdirilməsi və karyera imkanlarının artırılması məqsədilə həyata keçirildiyini deyib. Rektor qeyd edib ki, proqram mühəndislik ixtisası üzrə təhsil alan bütün ali məktəblərin tələbələri üçün nəzərdə tutulub. E.Qasımov proqramın tədrisi üçün layihələrin idarə edilməsi sahəsində təcrübəli ekspertlərin cəlb olunduğunu da vurğulayıb.

“İngilis dilində həyata keçiriləcək layihə tələbələrin müasir biznes mühitinə daha effektli inteqrasiya olunmasına şərait yaradacaq. Proqramı uğurla başa vuran tələbələrə xüsusi sertifikatlar təqdim ediləcək”, - deyə rektor əlavə edib.

Tədbirdə təqdimatla çıxış edən BANM-in Tələbələrlə iş şöbəsinin böyük metodisti Ləman Hüseynova bildirib ki, “Mühəndislər üçün biznes təhsili”nin proqramına “Təqdimat və kommunikasiya bacarığı”, “Layihələrin idarə edilməsi”, “Vaxtın idarə edilməsi və səmərəlilik”, “Liderlik”, “Risklərin idarə edilməsi”, “Maliyyə, büdcə və xərclərə nəzarət edilməsinə giriş”, “İnsan resurslarının idarə edilməsinin əsasları”, “Danışıq bacarıqları” kimi modullar daxildir. O, həmçinin qeyd edib ki, təlimlər oktyabr-dekabr ayları ərzində BANM-də təşkil ediləcək. Proqramda BANM-in 4-cü və 5-ci kurs, digər ali təhsil müəssisələrinin mühəndislik ixtisasları üzrə təhsil alan və ingilis dili bacarıqları yüksək olan 3-cü və 4-cü kurs tələbələri iştirak edə bilələr.

“BP Azərbaycan” şirkətinin tədbirlər və brend kommunikasiyalar üzrə meneceri Zaur Cəbrayıl isə bildirib ki, layihə iştirakçılara biznes sahəsində bilik və bacarıqlara yiyələnmək, praktiki məşğələlərdə iştirak etmək, BP, eləcə də digər transmilli şirkətlərin aparıcı nümayəndələri ilə təcrübə mübadiləsi aparmaq, BANM və BP-nin birgə sertifikatı ilə təmin edilmək imkanı verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.