ELM VƏ TƏHSİL


Bakı Ali Neft Məktəbində “Mühəndislər üçün biznes təhsili”nə start verildi

Bakı, 8 noyabr, AZƏRTAC

Noyabrın 8-də Bakı Ali Neft Məktəbinin (BANM) və BP şirkətinin birgə təşkilatçılığı ilə “Mühəndislər üçün biznes təhsili” layihəsinin açılış mərasimi keçirilib. Tədbirdə BANM-in rəhbərliyi, BP şirkətinin nümayəndələri və proqramda iştirak üçün xüsusi seçilmiş tələbələr iştirak ediblər.

BANM-dən AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi və karyera imkanlarının artırılmasıdır. Proqram mühəndislik üzrə təhsil alan bütün ali məktəblərin tələbələri üçün nəzərdə tutulur və tam ingilis dilində həyata keçiriləcək. Layihə tələbələrin müasir biznes mühitinə daha effektli inteqrasiya olunmasına şərait yaradacaq.

Açılış mərasimində çıxış edən Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, bu cür layihələr mühəndislik üzrə təhsil alan tələbələrə menecment və biznes sahəsində geniş bilgilər verəcək və yalnız proqramı uğurla başa vuran tələbələrə xüsusi sertifikatlar təqdim ediləcək.

Proqramı tədris etmək üçün layihələrin idarə edilməsi sahəsində təcrübəli ekspertlər cəlb olunub. Səkkiz modulu əhatə edən proqram üçün xüsusi dizayn edilmiş 16 kitabdan (hər modul üçün oxu və məşğələ kitabları) ibarət dərs vəsaitləri hazırlanıb.

Universitetlər arasında böyük marağa səbəb olan proqrama müraciət edənlərdən 200-ə yaxın tələbə seçilib. Altı qrupdan ibarət olan iştirakçılar noyabr ayının 12-dən ilk təlimlərə başlayacaqlar.

“Mühəndislər üçün biznes təhsili”nin proqramına təqdimat və kommunikasiya bacarığı; layihələrin idarə edilməsi; vaxtın idarə edilməsi və effektlilik; liderlik; risklərin idarə edilməsi; maliyyənin əsasları: büdcə və xərclərə nəzarət; insan resurslarının idarə olunması modulları daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.