ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbində “PMI Azerbaijan 2019” sammiti keçirilib
Bakı, 19 fevral, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) Layihə İdarəetmə İnstitutunun (PMI – Project Management Institute) yaradılmasının 50-ci ildönümünə həsr olunmuş “Müvafiq layihə idarəetmə metodlarının tətbiqi və onların müasir idarəetmədə rolu” adlı “PMI Azerbaijan 2019” sammiti keçirilib. Tədbir BANM-in təşkilati dəstəyi ilə PMI Azerbaijan Chapter (Potential) tərəfindən təşkil olunub.
BANM-dən AZƏRTAC-a bildirilib ki, sammitdə informasiya texnologiyaları, sənaye, tikinti, maliyyə və təhsil sahələrində fəaliyyət göstərən dövlət və aparıcı özəl təşkilatlardan 100-ə yaxın nümayəndə iştirak edib. Tədbirin aparıcısı Kənan Məmmədov təşkilatın yaradılması və fəaliyyəti barədə məlumat verib. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov layihə idarəetməsi sahəsində mütəxəssislər hazırlanmasının və müasir idarəetmə metodlarının bütün sahələrdə tətbiq olunmasının vacibliyini vurğulayıb. Ali məktəbin inkişafı, fəaliyyəti və nailiyyətləri haqqında danışan rektor bildirib ki, BANM-in nəzdində PMI-nin bütün standartları əsasında hazırlanan xüsusi təlim proqramı - layihə idarəetmə məktəbi uğurla fəaliyyət göstərir. ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatlarını almış milli və beynəlxalq şirkətlərin onlarca aparıcı əməkdaşları bu proqramın məzunlarıdır. Çıxışının sonunda Elmar Qasımov sammit iştirakçılarına uğurlar arzulayıb.
Birinci paneldə PMI-nin Azərbaycan nümayəndəliyinin idarə heyətinin sədri Emil İsmayılxanovun məruzəsi dinlənilib. O, təşkilatın inkişaf perspektivlərindən, qarşıda duran məsələlər və fəaliyyət proqramından danışıb. PMI nümayəndəliyinin Türkiyədəki vitse-prezidenti, “Türk Hava Yolları” şirkətinin layihə və portfel meneceri Ömür Benekin təqdimatı nümayəndəliyin işinə, onun regional və beynəlxalq PMI təşəbbüslərində iştirakına həsr edilib. Sessiya, PMI-nin Azərbaycandakı nümayəndəliyinin idarə heyətinin üzvü Nigar Cəfərovanın “Məktəblilər üçün layihə idarəetmə dərsləri” üçün nəzərdə tutulan tədbir və strategiyalar barədə çıxışı ilə sona çatıb.
Dövlət və özəl sektorda layihə idarəetməsində müasir metodların tətbiqi və perspektivlərinə həsr olunmuş növbəti paneli Bakı Fond Birjasının idarə heyətinin sədri və PMI-nin Azərbaycandakı idarə heyətinin üzvü Vüqar Namazov açıb. Paneldə Elektron Hökumətin İnkişafı Mərkəzi PHŞ-nin direktoru Fariz Cəfərov, Ömür Benek və layihələrin idarə olunması üzrə ekspert Elçin Məmmədov məruzə və təqdimatlarla çıxış ediblər. Daha sonra aktual məsələlər müzakirə edilib və Azərbaycanda layihələrin idarə olunmasının inkişaf planı ilə bağlı suallar cavablandırılıb.
Layihə İdarəetmə İnstitutu - 1969-cu ildə yaradılan və dünya üzrə layihə menecerləri arasında təcrübə, bilik və bacarıqların mübadiləsini qarşısına məqsəd qoymuş ən böyük beynəlxalq təşkilatdır. PMI tədqiqatlar aparır, regional ofislərlə əməkdaşlığı inkişaf etdirir, konfranslar və seminarlar keçirir, həmçinin layihə idarəetmə sahəsində standartlar və akkreditasiya işlərini inkişaf etdirir.
PMI-nin Azərbaycan nümayəndəliyinin yaradılması üzrə işlərə 2016-cı ilin fevral ayında başlanılıb və 2017-ci ilin may ayında Azərbaycan nümayəndələri ilk dəfə olaraq Romada “PMI Leadership Institute Meeting” toplantısında iştirak ediblər. Həmin toplantıda “PMI European Chapter Collaboration” yaradılmasına dair qərar verilib. Bu təşəbbüsü ilk dəstəkləyən məhz Azərbaycan nümayəndəliyi olub və müvafiq memorandumu imzalayıb. “PMI Azerbaijan”a “Potential Chapter” statusu 2018-ci il mayın 4-də Berlində imzalanan müqavilə nəticəsində verilib.