ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbində Prezident təqaüdünə layiq görülmüş 17 tələbə təhsil alır
Bakı, 12 oktyabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) cari tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərərək bu ali məktəbə qəbul olunan və Prezident təqaüdünə layiq görülən 17 tələbə ilə görüş keçirilib.
BANM–dən AZƏRTAC-a bildiriblər ki, görüşdə rektor Elmar Qasımov gəncləri təbrik edib, Prezident İlham Əliyevin “2016/2017-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Sərəncamında onların da adlarının olmasını yüksək dəyərləndirib. Rektor deyib ki, BANM-də hər bir tələbənin həm təhsildə, həm də gələcək karyerasında uğur qazanmasına hər zaman dəstək göstərilir. O, tələbələrə təhsildə müvəffəqiyyətlər arzulayıb, BANM-in ictimai həyatında fəallıqları ilə seçilmələrini tövsiyə edib.