ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbində informasiya təhlükəsizliyi üzrə mütəxəssislər hazırlanacaq
Bakı, 15 fevral, AZƏRTAC
Bakı Ali Neft Məktəbi (BANM) informasiya təhlükəsizliyi ixtisası üzrə mütəxəssis hazırlamağı planlaşdırır.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, artıq bununla bağlı müəyyən təşkilati-inzibati işlərin icrasına başlanılıb.
Hazırda bakalavr pilləsi üzrə neft-qaz mühəndisliyi, kimya mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasları üzrə yüksək potensiallı kadr hazırlığını həyata keçirən ali məktəbdə informasiya təhlükəsizliyi ixtisasının tədrisi əmək bazarında bu sahənin mütəxəssislərinə olan ehtiyacı qismən aradan qaldıracaq.
Dünyanın tanınmış universitetlərinin zəngin təcrübəsinə əsaslanaraq tədris proqramında ən son texnoloji nailiyyətləri tətbiq edən BANM-də bütün ixtisaslar üzrə mütəxəssis hazırlığı ingilis dilində aparılır, tədris yüksəkixtisaslı yerli və əcnəbi müəllimlər tərəfindən həyata keçirilir.