ELM VƏ TƏHSİL


Bakı Ali Neft Məktəbində keçirilən bilik yarışının qalibləri mükafatlandırılıb

Bakı, 8 yanvar, AZƏRTAC 

Bakı Ali Neft Məktəbində (BANM) Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc kimya mühəndisləri" adlı bilik yarışı keçirilib.

BANM-dən AZƏRTAC-a bildirilib ki, yarışın keçirilməsində əsas məqsəd gənclərin elmə və texniki sahələrə olan marağının artırılmasıdır. Ali məktəblərin tələbələri arasında marağa səbəb olan yarışda iştirak üçün kimya mühəndisliyi üzrə təhsil alan 150-yə yaxın gənc qeydiyyatdan keçib, 100-dək tələbə və gənc mühəndis seçilərək yarışa dəvət edilib.

Yarışın ilkin mərhələsində 10 açıq tipli sual, ikinci mərhələdə isə 20 test tipli sual təqdim edilib. Biliklərini ən yüksək səviyyədə nümayiş etdirmiş ilk üç yerin sahibi münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Yarışda 1-ci və 2-ci yerlərə BANM-in kimya mühəndisliyi ixtisası üzrə təhsil alan III kurs tələbələri Kənan Qocayev və Gülnar Sadıqova layiq görülüblər. Üçüncü yeri isə BANM-in məzunu, hazırda gənc mühəndis kimi fəaliyyət göstərən Səidə Ələsgərova və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin III kurs tələbəsi Məhəmməd Quliyev tutublar.

Qaliblərə diplom və mükafatlar təqdim edilib.

Yarışda yaxşı nəticə göstərmiş 20 nəfərə də sertifikat və hədiyyələr verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.