ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbində müasir Azərbaycanın qurucusu Heydər Əliyevin xatirəsi anılıb
Bakı, 12 dekabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) ümummilli lider, müasir Azərbaycanın qurucusu və əvəzolunmaz siyasətçi Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib.
Ulu Öndərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
BANM-dən AZƏRTAC-a bildirilib ki, tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektor Ramiz Hümbətov Ümummilli Liderin müdrik siyasətindən, Vətən və dövlət qarşısındakı xidmətlərindən və dahi şəxsiyyətin xeyirxah əməllərindən söz açıb.
Ali məktəbin ingilis dili və humanitar fənlər mərkəzinin dosenti, tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev Ulu Öndərin siyasi fəaliyyəti və quruculuq işlərindən danışıb.
Tələbələr Heydər Əliyevin həyat və yaradıcılığı barədə təqdimatla çıxış ediblər.
BANM-in beşinci kurs tələbələri Heydər Nəcəfov, Aqil Əsgərov və Fərid Mustafayev Ulu Öndərin Azərbaycan xalqının müstəqilliyi uğrunda göstərdiyi xidmətləri, ölkənin bütün sektorlarında o cümlədən neft sahəsində müdrik siyasəti və bu siyasətinin nəticələri barədə danışıblar. Qeyd olunub ki, Ümummilli Liderin həyata keçirdiyi müstəqillik, yaradıcılıq, quruculuq ideyaları Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.