ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbində növbəti “TEDxBHOS” konfransı
Bakı, 14 oktyabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə məşhur TED layihəsinin “TEDxBHOS” konfransı keçirilib.
BANM-dan AZƏRTAC-a bildiriblər ki, əsas missiyası “Yayılmağa dəyər fikirlər” olan konfransa müxtəlif sahələrdən və universitetlərdən dinləyicilər qatılıb.
Konfransın əsas məqsədi cəmiyyətin müsbət mənada düşüncə tərzini dəyişdirmək və onun fikirlərini yaxşıya doğru inkişaf etdirməkdir.
Bununla yanaşı, konfrans tələbələrə, eləcə də yerli ictimaiyyətə zamanını daha səmərəli bölmək, faydalı çıxışlar vasitəsilə təsirli və yenilikçi fikirləri olan insanları tanımaq fürsəti yaradıb.
Konfransda Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış edərək “TEDxBHOS” konfransında iştirak edən qonaqları salamlayaraq, tədbirin qeyri-kommersiya təşkilatı olan TED-in lisenziyası əsasında təşkil edildiyini bildirib. Rektor tələbələri ikinci dəfə beynəlxalq miqyaslı bu tədbiri təşkil etdikləri üçün təbrik edib.
“Konfransın gündəliyi olduqca zəngindir. Müxtəlif sahələri təmsil edən, uğurlu karyera hekayələri olan insanlar bugünkü tədbirdə maraqlı təqdimatlarla çıxış edəcəklər. İnanıram ki, Bakı Ali Neft Məktəbinin dəstəyi ilə ali məktəbin tələbələrinin uzunmüddətli zəhməti bahasına başa gələn konfrans iştirakçılar üçün də olduqca faydalı olacaq”, - deyə rektor qeyd edib.
Daha sonra “TEDxBHOS” konfransının bir-birindən maraqlı 6 spikerinin innovativ və motivasiyaedici çıxışları dinlənilib.
Spikerlər arasında məşhur “ZehinX” platformasının yaradıcısı Fuad Əliyev, SOCAR Türkiyənin Maliyyə Riskləri və Xəzinə Koordinatoru Ali Ağaoğlu, BP şirkətinin Rəqəmsal və ənənəvi kommunikasiyalar üzrə meneceri Turxan Əhmədov, “Benish GPS Azərbaycan” şirkətinin Marketinq direktoru Türkan Fərzəliyeva, Müasir Psixologiya Mərkəzinin müdir müavini, psixoloq-konsultant Aida Nəbiyeva, “EY Azərbaycan” şirkətinin meneceri Könül Məlikova yer alıblar.
Onlar “Çoxşaxəli olmaq bacarığı: Limitsiz fürsətlərin sirri”, “Ailə ağacı və onun kökləri”, “Xeyriyyəçiliklə məşğul olmaq, qərarsızlıq”, “İqtisadiyyat 2.0” kimi mövzular ətrafında təqdimatla çıxış ediblər.
Qeyd edək ki, TED yayılmağa dəyər fikirlərə həsr olunmuş qeyri-kommersiya təşkilatıdır. İdeya ilk dəfə ABŞ-da 1984-cü ildə yaranıb. İldə iki dəfə keçirilən bu tədbirə TED hər il dünyanın müxtəlif ölkələrindən, müxtəlif sahələrin insanlarını qlobal konfransda maksimum 18 dəqiqəlik çıxışlara dəvət edir və önəmli, paylaşılmağa dəyər ideyaları natiqlər vasitəsilə dünyaya çatdırır.
TEDx TED-in “Yayılmağa dəyər fikirlər” missiyası ruhunda yaradılıb. TEDx proqramı ictimai birlikləri, qurumları və fərdləri danışıq və əlaqələrə təşviq etmək üçün nəzərdə tutulub. Hər bir fərd öz yaşadığı şəhərdə və ya oxuduğu təhsil müəssisəsində fərdi olaraq TEDx konfransını təşkil edə bilər.
Bakı Ali Neft Məktəbinin tələbə heyəti ötən ildən etibarən TED-in lisenziyası əsasında “TEDxBHOS” konfransını təşkil edir.