ELM VƏ TƏHSİL


Bakı Ali Neft Məktəbində tədbir: “Qəhrəmanlar unudulmur”

Bakı, 11 fevral, AZƏRTAC

Bakı Ali Neft Məktəbi (BANM) və “Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib. BANM-in konqres zalında keçirilən tədbirdə Milli Məclisin deputatları, müxtəlif dövlət qurumlarının rəhbər nümayəndələri, şəhid ailələri, müəllim və tələbələr, media nümayəndələri iştirak ediblər. Konqres zalının foyesində 2016-cı il Aprel şəhidlərinin şəkillərindən ibarət sərginin nümayişi olub.

BANM-dən AZƏRTAC-a bildirilib ki, öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Daha sonra doğma Vətənin ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə rektor Elmar Qasımov bildirib ki, Vətən uğrunda canlarından keçən şəhid oğullarımızın əziz xatirəsini yad etmək hər bir Azərbaycan vətəndaşının borcudur. Rektor deyib ki, Aprel döyüşləri sübut etdi ki Azərbaycan ordusunun gücü və vətənpərvərlik ruhu çox yüksəkdir. “Biz doğma Vətən torpaqlarını düşmən tapdaqlarından azad etmək üçün vuruşan və canından keçən milli qəhrəmanlarımızı gənclər arasında hər zaman təbliğ etməliyik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəhid ailələrinə verdiyi dəstək və diqqətdən ibrət alaraq bizim hər birimiz onların yanında olmalıyıq”, – deyə Elmar Qasımov bildirib.

“Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Sevinc Əlizadə çıxışında gəncləri şəhid ailələrinə mənəvi dəstək olmağa, onların yanında olmağa səsləyib, müasir gənclərə milli, vətənpərvər ruhda böyümələrini tövsiyə edib.

Tədbirdə, həmçinin Milli Məclisinin deputatları Qənirə Paşayeva və Vahid Əhmədov çıxış edərək şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların əziz xatirələrinin unudulmayacağını bildiriblər.

Aprel qazisi, polkovnik-leytenant Elşən Qarayev Aprel döyüşlərində şəhid olmuş Azərbaycan oğullarının şücaətindən bəhs edib.

Şəhid ailələri adından çıxış edən Aprel şəhidi Əbdülməcid Axundovun anası Ceyran Axundova isə onlara göstərilən bütün dəstək və qayğı üçün dövlətimizə, həmçinin bu tədbirin təşkilatçılığında əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib, gəncləri Vətən uğrunda daim birləşməyə hazır olmağa çağırıb.

Tədbirdə BANM-in tələbələri vətənpərvərlik ruhunda şerlər oxuyub, musiqilər ifa ediblər. Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı isə Milli Qəhrəmanlar, Vətən və əsgər mövzularına həsr olunmuş mahnılar səsləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.