İQTİSADİYYAT
Bakı Ali Neft Məktəbində uğurlu iqtisadi islahatlar müzakirə olunub
Bakı, 19 oktyabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) aparıcı universitetlərdə iqtisadi islahatların təbliğinə dair təşkil etdiyi daha bir ictimai mühazirə Bakı Ali Neft Məktəbində (BANM) reallaşıb.
İİTKM-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərkəzin icraçı direktoru Vüsal Qasımlının "Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər" mövzusunda mühazirəsindən əvvəl Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov professor-müəllim və tələbə heyətini salamlayaraq bildirib ki, ali məktəbdə bu tip tədbirlərin təşkil edilməsi tələbələrin inkişafı və təfəkkürün formalaşması üçün vacibdir.
E.Qasımov əlavə edib ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində bağlanan neft müqavilələri xalqın rifah halının yaxşılaşmasına xidmət edir, ölkədə mövcud neft gəlirləri hesabına Azərbaycanın yüzlərlə gənci xaricdə təhsil alıb daha sonra Vətənə qayıdaraq əldə etdikləri bilikləri bölüşürlər. Bu isə ümummilli lider Heydər Əliyevin də dediyi kimi, neft kapitalının insan kapitalına çevrilməsinə imkan yaradır.
BANM-ın rektoru ölkədə aparılan islahat prosesinə toxunaraq deyib ki, nağdsız hesablaşmaların aparılması, ödəniş və gömrük sisteminin şəffaflaşdırılması istiqamətində nəzərəçarpan dəyişiklik var.
İİTKM-in icraçı direktoru V.Qasımlı diqqətə çatdırıb ki, Azəbaycanda neft strategiyasını həyata keçirməklə iqtisadi təhlükəsizliyin əsas komponentləri - nəqliyyat, logistika, ərzaq və maliyyə təhlükəsizliyi təmin olunub: "Hazırda əldə edilmiş nailiyyətlərin və ictimai-siyasi sabitliyin əsasında islahatların yeni mərhələsinə qədəm qoyulub. İnstitusional və struktur islahatları ilə yanaşı, həm də biznes mühitinin yaxşılaşdırılması və iqtisadi təşviq mexanizmlərinin tətbiqi inkişafa aparır. Belə ki, 2018-ci ildə ölkədə sürətli iqtisadi artım proqnozlaşdırılır. Artımın əsas drayverlərindən biri isə insan kapitalıdır".
O, həmçinin ölkədə həyata keçirilən Strateji yol xəritələri və yeni iqtisadi model quruculuğu barədə ətraflı məlumat verib.
Mühazirənin sonunda icraçı direktor auditoriyanın suallarını cavablandırıb və tədbirin təşkil olunmasında göstərdiyi dəstəyə görə Bakı Ali Neft Məktəbinin rektoruna təşəkkürünü bildirib.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.