ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbində xeyriyyə konserti: “Xoşbəxt et, xoşbəxt ol”
Bakı, 21 fevral, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) bu ali təhsil müəssisəsinin bir qrup tələbənin təşəbbüsü ilə “Xoşbəxt et, xoşbəxt ol” adlı xeyriyyə konserti keçirilib.
BANM-dən AZƏRTAC-a bildirilib ki, sosialyönümlü layihə valideyn himayəsindən məhrum uşaqlara tələbələrin diqqətini artırmaq və tələbələrin onlara maddi və mənəvi dəstəyini real şəkildə göstərmək məqsədilə həyata keçirilib.
Konsertdən öncə ali məktəbin Tələbə Gənclər Təşkilatının keçirdiyi xeyriyyə məqsədli sərgidə kitablar, eləcə də əksəriyyəti tələbələrin əl işləri olan rəsm əsərləri və suvenirlər satışa çıxarılıb.
BANM-in rektoru Elmar Qasımov tələbələrin sosial fəallığını, cəmiyyətə yararlı, faydalı olmaq istəklərini yüksək qiymətləndirib, Azərbaycan xalqına xas olan xeyirxahlıq və mərhəmət hissinin gənclərdə yüksək səviyyədə formalaşdığının çox sevindirici hal olduğunu bildirib.
Tədbirdə BANM tələbələri ilə yanaşı, digər universitetlərin tələbələri də iştirak ediblər.