ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbinin 20 tələbəsi yay istehsalat təcrübəsini Türkiyədə keçir
Bakı, 24 iyul, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) kimya mühəndisliyi, neft-qaz mühəndisliyi və proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə 3-cü və 4-cü kurslarda təhsil alan 20 tələbəsi “SOCAR Türkiyə” şirkətinin müəssisələrində istehsalat təcrübəsi keçir. Tələbələrdən 16-sı “Petkim”də, 2-si “Star”da, 2-si isə “SOCAR Türkiyə” şirkətində iki ay ərzində yay istehsalat təcrübəsi keçmək hüququ qazanıblar.
BANM-dən AZƏRTAC-a bildirilib ki, “SOCAR Türkiyə” şirkətinin müəssisələrində təcrübə keçən tələbələr istehsalat prosesi, tikinti-quraşdırma və tamamlama işləri, hazırda fəaliyyət göstərən müxtəlif təyinatlı texnoloji qurğuların işi ilə yaxından tanış olurlar. Onlar hər bir avadanlıqda gedən texnoloji prosesləri və reqlamentləri, qurğuların nəzarət və idarəetmə sistemlərinin işini və istehsalat proseslərində sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi tədbirlərinin tətbiqi üsullarını öyrənirlər.
Qeyd edək ki, tələbələrin tədris zamanı əldə etdikləri nəzəri biliklərin zənginləşdirilməsi məqsədilə hər il BANM-in tələbələri SOCAR-ın bütün idarə və istehsalat müəssisələrinə, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlərə istehsalat təcrübəsinə göndərilirlər.